Planlaşdırılmamış hamiləliklər və onların nəticələri
02 fevral 2020 14:29 (UTC +04:00)

Planlaşdırılmamış hamiləliklər və onların nəticələri

Yer üzündə hamiləliklərin üçdə biri planlaşdırmadan baş verir, buna müasir kontrasepsiya vasitələri də mane ola bilmir. Görəsən, qadınlar hansı yaşda və kimdən hamilə qalmağa özləri qərar verə bilsəydilər, dünya hansı şəklə düşərdi?

Min illər boyu cəmiyyət qadınları kişidən aşağı varlıq hesab edib, həm də biologiyadan tutmuş intellektə qədər.

Alimlər də (Tarixən belə gətirib ki, onların hamısı kişi olub) dünyaya həmişə bu prizmadan baxıblar - məsələn, heyvanların çoxalması prosesini istisnasız olaraq erkəklərin nümunəsində araşdırıblar.

"Bir vaxtlar hesab edilirdi ki, qadın spermatozoidlərin dolaşdığı passiv orqandır, yumurtalığınsa bu prosesdə, demək olar, heç bir rolu yoxdur. Düşünürdülər ki, hər şey spermadan, yəni kişidən asılıdır" - Kraystçerçdəki (Yeni Zenlandiya) Otaqa Universitetinin əməkdaşı, araşdırmaçı Patris Rozenqreyv belə deyir.

Bir çox dişi heyvanda uşaqlığın nəsilartırma prosesində necə qəribə üsullardan istifadə etdiyini alimlər ancaq son vaxtlarda aşkar etməyə başlayıblar.

Məsələn, dişi qızılbalıq üstünlük verəcəyi erkəyi seçmək üçün spermaların hərəkətini durdura və ya sürətləndirə bilir. Siçanların və cəngəllik toyuqlarının dişiləri isə genləri daha çox uyğun gələn erkəkləri seçə bilirlər və bu, qohumlararası cütləşmədən yayınmaq imkanı verir.

Drozofil milçəyinin dişisi müxtəlif erkəklərin spermalarını müxtəlif orqanlarında saxlamaq və sonradan özünün seçdiyi erkəyin spermasından istifadə etmək qabiliyyətinə malikdir.

Buruq (saat əqrəbinə əks istiqamətdə) və uzun (bəzən 28 sm-ə qədər) penisləri olan erkək ördəklər təcavüzə (hətta toplu halda) meylli olduqları üçün dişilərin vaginası saat əqrəbi istiqamətində olan buruqlar şəklində təkamül edib - zorakı cütləşməyə və döllənməyə imkan verməmək üçün.

Düzdür, insanlar "seksual silahlanma" sahəsində milçəklər, siçanlar və ördəklər qədər uğur əldə edə bilməyiblər, ancaq indi qadınlar nizamlı hamiləlik, həblər və bəd ayaqda abort kimi geniş müdaxilə imkanlarına malikdirlər.

Amma bu vasitələr heç də hər yerdə əlçatan deyillər, həmişə tam zəmanət təmin etmirlər və heç də hamı tərəfindən bəyənilmirlər. Mədəni, dini və ya sırf şəxsi səbəblərə görə qadınlar bu və ya digər üsulu məqbul hesab etməyə bilirlər.

Hamısını məqbul hesab edənlərinsə çox vaxt onları əldə etmək imkanı olmur: inkişaf etməkdə olan ölkələrdə və dünyanın geridə qalmış bölgələrində doğuma nəzarət vasitələri qadınlar üçün əlçatmazdır. Bundan başqa, elə ölkələr var ki. orda abortlar qanunla qadağan edilib və elə cəmiyyət də buna pis baxır.

Məsələn, ABŞ-ın bəzi ştatlarında aborta icazə verilmir, Şimali İrlandiyada isə buna ciddi məhdudiyyətlər var.

Ancaq dünyanın hər yerində qadınlara doğuşa nəzarət vasitələrinin hamısından məhdudiyyətsiz istifadə hüququq verilsəydi belə, fakt faktlığında qalır - bu vasitələr heç də həmişə effektli olmur.

Bəzən kontraseptivlər təsir etmir; seks sənayesinin işçilərinə prezervativlərdən istifadə etməyə icazə verilmir; kişilər qadınlara təcavüz edir; bəzi qadınarsa necə və neçə dəfə sekslə məşğul olmalarına özləri qərar vermirlər.

Görəsən, dişi heyvanların bəzi qabiliyyətləri qadınlarda da olsaydı, necə olardı? Məsələn, onlar sehrli bir çubuq sayəsində təkcə nə vaxt və hansı yaşda hamilə qalmağı yox, həm də kimdən hamilə qalmağı seçə bilsəydilər (İstədiyin partnyoru seçmək variantını istisna edən əcavüz halları da daxil olmaqla)?

İlk və ən bariz nəticə, əlbəttə ki, təsadüfi hamiləliklərin bitməsi olardı.

Demək olar ki, bütün dünyada müxtəlif səbəblərə görə qadınlar getdikcə daha az uşaq doğur. Buna baxmayaraq 2012-ci ildə 85 milyon hamiləliyin 40%-i planlaşdırılmamış baş verib.

Bəzi ölkələrdə isə (məsələn, ABŞ-da) faiz daha yüksəkdir - illik 6 milyon hamiləlik faktının 45%-i.

Amma elə bir zaman gələcək ki, qadınlar daxili rahatlıq tapacaqlar.

"Onların bədəni orqanizm üçün son dərəcə dağıdıcı proses olan hamiləliyə təsadüfən yaxalanmayacaq" - qadın haqları, seksual və reproduktiv sağlamlıq üzrə müstəqil məsləhətçi Karen Nümen (London) belə deyir.

Onda kontraseptivlərə pul xərcləmək lazım gəlməyəcək, onların yan təsirləri də aradan qalxacaq.

Məsələn, 500 milyona yaxın qadın həyatının hansısa dönəmində hamiləliyə qarşı həb qəbul edib. Bəziləri depressiyaya düşüb, həyacan keçirib, miqrendən əziyyət çəkib, bəzilərində hətta tromb əmələ gəlib.

Sterilizasiya isə (kontrasepsiyanın ən populyar növü) ciddi fəsadlara və hətta ölümə səbəb ola bilir.

Öz reproduktiv imkanlarına tam olaraq nəzarət etmək qadınların daha riskli seksual həyat yaşamasına və bunun nəicəsi olaraq cinsi yolla ötürülən xəstəliklərin artmasına gətirib çıxara bilərmi?

"Effektiv kontrasepsiya vasitələri icad ediləndə biz belə bir şey müşahidə etmədik" - Kolumbiya Universitetinin (Nyu-York) fəxri professoru, ailə sağlamlığı, mamaçalıq və ginekologiya üzrə ekspert Uendi Çavkin belə deyir.

8 min amerikalı qadının cəlb edildiyi araşdırmanın nəticləri göstərib ki, onlara pulsuz kontrasepsiya vasitələrinin verilməsi nə seksual partnyorlarının, nə də sekslə məşğulolma tezliyinin artmasına gətirib çıxarıb.

Arzuolunmaz hamiləliklərin olmaması abortların da sayını azaldacaq. Bunu həm abortların qadağan edilməsinə çalışanlar, həm də seçim azadlığını müdafiə edənlər nəzərə almalıdırlar.

Bundan başqa, qadınların həyatı da daha təhlükəsiz olacaq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 25 milyon qadın qeyri-professionallar tərəfindən, təhlükəli və antisanitar şəraitdə abort edilir.

Belə əməliyyatlar ciddi fəsadlara gətirib çıxarır və onların aradan qaldırılmasına hər il 533 milyon dollar vəsait xərclənir. İl ərzində baş verən ölümlərin 13%-inin səbəbi məhz anormal abortlar ola bilir.

Çavkin deyir ki, "Abortların təhlükəsiz olduğu Qərbdə bizim hipotetik təsvir etdiyimiz situasiya cəmiyyətin sağlamlığına ciddi səviyyədə təsir etməz".

"Ancaq Afrika və Latın Amerikası ölkələrində olduğu kimi, sizin yeganə seçiminiz kiməsə uşaqlıq borunuzda qurdalanmaq imkanı verməkdirsə, indi buna görə ölən və ya şikəst qalan qadınların həyatında çox şeyi dəyişər".

Hərçənd onu da qeyd etmək lazımdır ki, bizim hipotetik situasiyamızda da abortlar tam aradan qalxmayacaq. Niyə?

Çünki planlaşdırılmış hamiləlik yalnız döl yaratmaq anından ibarət deyil. Sonrakı doqquz ay ərzində qadına elə bir tibbi diaqnoz qoyula bilər ki, bu onun hamiləliklə bağlı qərarına təsir edər.

Məsələn, döl o şəkildə inkişaf edər ki, uşaqlıqdan kənarda yaşaması mümkün olmaz. Ya da qadında elə bir xəstəlik aşkar olunar ki, doğuş onun üçün ölüm təhlükəsi yaradar.

Nəhayət, həyat şərtləri dəyişə bilər - qadın işsiz qala bilər, ya da əri və ya partnyoru onu dəstəkləməkdən vaz keçər.

Doğuş faizi azala bilər, ancaq bu o demək deyil ki, dünya əhalisinin artımı qəflətən dayanar (İndiki templə 2100-cü ildə yer kürəsində 10,9 milyard insan yaşayacaq).

Qadınlar əvvəlki kimi bir neçə qız və oğlan doğmaq istəyə bilərlər, həm ailədən ənənəvi olaraq çox uşaq tələb edən cəmiyyətlərin mentalitetini dəyişmək də o qədər asan məsələ olmaz.

Ancaq bütün müsbət cəhətlərini bir araya gətirsək, məlum olar ki, burada sırf nəzəri olaraq bəhs etdiyimiz dəyişikliklər həm qadınlara, həm də cəmiyyətə faydalı olar.

"Çox sayda qadının yaxşı təhsil almasına, karyera qurmasına və sairəyə mane olan əsas səbəbi - daim doğmağı aradan qaldırsanız, dünya onlara heç vaxt açılmadığı qədər açılacaq" - London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Süzanna Meyhyü belə deyir.

Onun sözlərinə görə, daha çox təhsil alan, işlərində böyük uğurlar qazanan qadınlar dünyanın, ələlxüsus da inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının daha sabit templə böyüməsinə kömək edərlər.

Həqiqətən də, bu gün doğuş səviyyəsini azaltmadan böyük iqtisadi nailiyyətlər əldə etmiş ərəb ölkələri buna ancaq neft sayəsində nail olublar.

Yaxşı təhsil almış, professional uğurlara imza atmış qadınların ictimai sferaya çıxışı artsa, cəmiyyətdə ənənəvi olaraq kişilərin ixtiyarında olan rollara onlar da şərik çıxa bilərlər. Bu isə yaşadığımız dünyanın radikal şəkildə dəyişməsinə gətirib çıxarar - bir çox ekspertin dediyinə görə, müsbətə doğru.

"Biz daha daha mərhəmətli, daha sülhpərvər və həyatdan razı cəmiyyət qazana bilərik. Elə bir cəmiyyət ki, əsas məqsədi mümkün qədər çox pul qazanmaq və ya mümkün qədər çox nüvə silahı əldə etmək olmayacaq" - Mehyü belə deyir. O, qadın liderlərin empatiya qabiliyyətini və ictimai dəyərlərə üstünlük verdiklərini ortaya qoymuş genişmiqyaslı bir araşdırmanın nəticələrinə əsasən bu qənaətə gəlib.

Ola bilsin, biz qadınların daha yetkin yaşlarda doğmaq istədiklərini görəcəyik. Çoxları artıq indidən belə davranır. Nisbətən gec doğa biləcəyinə inanmaq bunu gənc ikən etməyin vacib olduğunu diqtə edən çoxəsrlik təzyiqi daha da azaldacaq.

Əlbəttə, bu qərarları qadınlara təhsil almaq və karyera qurmaq planlarını reallaşdırmaqda kömək edəcək, ancaq onu da unutmaq olmaz ki, doğmağı 40-50 yaşlara qədər təxirə salmaq Daun sindromlu uşaqların çoxalmasına gətirib çıxara bilər - Meyhyü belə deyir.

O həmçinin qeyd edir ki, yeniyetmə yaşlarında doğmaq bunu 40 yaşında etməkdən daha təhlükəlidir; həm də 40 yaşlı ana həm maddi, həm də mənəvi baxımdan öz uşağına daha çox şey verə bilər.

Bizim bu xəyali eksperimentimizi ekstremal həddə çatdıraqmı? Məsələn, bəzi dişi heyvanlarda olan xüsusiyyətlər qadınlar da olsa, necə olar? Məsələn, partnyorlarının spermalarını fərqli yerlərdə saxlayıb sonra ən layiqlisini seçsələr?

Bu, hər iki tərəfin razılığıyla bağlı ciddi etik suallar yaradar və yəqin ki, seksual partnyorunun hamiləliyi məsələsində kişilərin hüquqlarıyla bağlı mübahisələri qızışdırar.

Eyni zamanda, ən yüksək keyfiyyətli donor (intellektinə, xarici görünüşünə və ya hansısa başqa xüsusiyyətinə görə) hesab olunan kişilərin spermalarını əldə etmək üçün rəqabət başlayar.

"Ola bilsin, bəzi qadınlar hesab edəcək ki, uşaqlarının atası olacaq yaxşı bir namizəd həmişə tapılar" - Qərbi Avstraliya Universitetinin (Pert) əməkdaşı, təkamül bioloqu Rene Ferman belə hesab edir.

Ancaq o da var ki, belədə kişilər prezervativdən istifadəyə daha məsuliyyətli yanaşarlar. Qadınların bir neçə partnyordan sperma saxlaya bilmək qabiliyyəti isə onlarda paranoya yaradar - uşaq həqiqətən ondandırmı deyə. Atalıq testləri daha yayğın hal alar.

Zamanla belə bir hal da yarana bilər ki, kişilər öz spermalarında yeni keyfiyyət - rəqiblərin spermatozoidlərini öldürmək xüsusiyyəti formalaşdıra bilərlər.

Bütün bunlar, əlbəttə ki, münasibətlərin dinamikasını dəyişər. Qadınların yeni xüsusiyyətləri bəzi kişilərin heç xoşuna gəlməz.

Belələri bu yenilikləri öz hakimiyyətlərinə təhlükə sayıb qadınların doğmaq qabiliyyətini məhdudlaşdırmaq, onların öz orqanizmlərinə və həyatlarına nəzarətini azaltmaq üçün cavab tədbirlərinə əl atarlar - Çavkin belə hesab edir.

"Ya da var qüvvələriylə qadını dölə ziyan vurmağa çalışan eqoist varlıq kimi qələmə verməyə çalışarlar".

Doğrusu, bütün bunlar hansısa fantastik antiutopiya romanını xatırladır.

Meyhyü deyir ki, bu fantaziyaları bir kənara qoyub reallığa qayıdanda çox aydın görünən bir həqiqətlə üzləşirik: qadınların nə vaxt və kimdən hamilə qalmaq azadlığının olacağı dünyadan çox uzağıq. Çünki biz hətta qadınlarla kişilərin bərabər olduğu dünyadan da uzağıq.

"Bəhs etdiyimiz dəyişikliklər hətta varlı ölkələrdə də mövcud status-kvodan radikal səviyyədə uzaqlaşmağa səbəb olar. Bunun üçün bütövlükdə cəmiyyətin dünyagörüşü dəyişməlidir. Belə prinsipial dəyişikliyi təsəvvür edə bilməmizin çətinliyi həm çox kədərli, həm də çox bariz əlamətdir".

(bbc)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3803
avatar

Oxşar yazılar