Son 20 gün ərzində Ağdaşda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirən 9 nəfər tutularaq istintaqa təhvil verilib. Araşdırma zamanı onlardan bir neçəsinin əvvəllər də eyni cinayəti törətdikləri üçün məhkum olunduqları müəyyən edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı üzərində külli miqdarda ağır təsiredici narkotik vasitə daşımaqda şübhəli bilinən Kəyyam İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qrama yaxın heroin aşkar edilərək götürülüb. K.İsayev ifadəsində həmin narkotiki Bakı şəhərində başqa ölkə vətəndaşından 1000 manata aldığını bildirib.
Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər rayon sakini-Əkbər Hüseynov, Orxan Əliyev, Qadir Məmmədov, Nüsrət Səfərov, Pərvin Quliyev, Tofiq Qurbanzadə, Qədir Hacıyev və Tehran Əhmədov saxlanılıb. Onların üzərindən və yaşadıqları ünvanlardan müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, marixuana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.