Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid İ.S təqsirləndirilən Elmira Əliyevanın bacısı olduğunu və onun ailəsi ilə yaxşı münasibətin olmadığını deyib:
"Elmiranın qaynanası olan bu qadın bizə üz vermirdi, o evə hər gedəndə, burnumuzdan gətirib peşman edirdi. Bacım neçə dəfə küsüb atamızın evinə gəlmişdi. Samir də hər dəfə məhəlləyə gəlib maşının səsini bərk verib ailəmiz daxil qonşuları narahat edirdi. Bunlar deyir ki, guya bacımı boşamaq istəyirdilər, amma elə deyildi. Bacım Elmira bir dəfə küsüb evimizə gələndə gəlib aldatdılar ki, Samir Türkiyədədir, gəl evinə qayıt. Elmira evə qayıdanda Samiri evdə görüb aldadıldığını anladı və o gündən onu çölə buraxmırdılar. Samir qızı Arifəni döyürdü ki, niyə hicab bağlamırsan. Uşaqları anamgilə gəlməsinlər deyə onları döyüb, zülm verirdi. Nənəsi neçə dəfə gəlib Samiri saxlamaq istəmişdi ki, eləmə, vurma. Qız uşağıdır, gedib özünü asar. Samir onda qayıtdı ki, övlad belə şeyə görə məni atacaqsa, gedib indidən özünü öldürsün elə.
Şahid İ.V təqsirləndirilən Elmira Əliyevanın atası olduğunu bildirib:
"Qabaqlar qudalarımla münasibətimiz çox yaxşı idi. Qızım hadisə günündən əvvəl bizə gələ bilmirdi, düz beş ildir ki, atasının evinə gəlməyə qoymurdular qızımı. Ancaq ad günündən-ad gününə o evə gedə bilirdim, arada da Samirin atası Ariflə görüşüb çay filan içirdik. Arif Elmiranı qızı kimi çox istəyirdi. Hadisə günü Elmira evimə gələndə Samirin onu göndərdiyini bildirdi. Mənim o ailə ilə münasibətim çox yaxşı olub, ta ki qudam C-nın zəng edib qatil qızın adam öldürüb dediyi günə kimi. 31 yanvar uşağın ad günü idi. Qızıma dedim ki, klon çağırmışam, anan da yaxşı süfrə açıb, uşaqları da götür gəl. Bir də baxdım Samir tək gəldi, ədəbsiz söyüşlər söyüb maşınına minib çıxıb getdi. Mən onun bu hərəkətindən şoka düşmüşdüm".
Növbəti proses 14 may saat 14:00-a təyin olunub.
Xatırladaq ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.