İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova rayon Polis Şöbəsinə müraciət edərək içərisində 2500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslərin qaçırması barədə məlumat verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb. Məlum olub ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasından naməlum şəxslər oğurlayıb. Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanmış narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd olunan faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsiin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.