Modelin qəbrini yardılar, başını kəsib oğurladılar  - Ölkəni şoka salan CİNAYƏT
30 mart 2026 15:08 (UTC +04:00)

Modelin qəbrini yardılar, başını kəsib oğurladılar - Ölkəni şoka salan CİNAYƏT

0

İtaliyada qəbirin təhqir olunması ilə bağlı şok hadisə baş verib. Naməlum şəxslər 29 yaşlı model Pamela Cenininin başını oğurlayıblar. O, 2025-ci ilin oktyabrında keçmiş sevgilisi tərəfindən öldürülüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, faciəli ölümündən sonra qızın cəsədi ailə məqbərəsinin tikintisi başa çatana qədər Strozza qəbiristanlığında müvəqqəti tabutda saxlanılıb.

Martın 23-də yaxınları dəfn mərasiminə hazırlaşaraq qalıqları başqa yerə köçürmək qərarına gəlib. Lakin hazırlıq işləri ilə məşğul olan işçilər şübhəli vəziyyəti aşkar ediblər: tabutun qapağı düzgün yerləşdirilməyib və qaydaya uyğun olaraq taxta mastika ilə deyil, silikonla bərkidilib.

Polisin iştirakı ilə tabut açılıb və içərisində qızın başsız cəsədi aşkar edilib. İlkin araşdırmaya görə, üç və ya dörd nəfər qəbiristanlığa daxil olaraq məzarı açıb, başı kəsərək oğurlayıb və daha sonra izləri gizlətməyə çalışıb. Cinayətkarların motivləri hələ müəyyən edilməyib və onların axtarışı davam edir.

Bu dəhşətli hadisə İtaliya cəmiyyətində böyük şok yaradıb. Xüsusilə də nəzərə alınır ki, Pamela Cenininin qətli özü də geniş rezonans doğurmuşdu.

2025-ci il oktyabrın 14-də modelin keçmiş sevgilisi Qianlusa Sonçino ayrılıqdan sonra onun evinə gəlib və münasibətləri bərpa etməsini xahiş edib. Rədd cavabı aldıqdan sonra isə qəzəb içində modelə bıçaqla hücum edib. Polis hadisə yerinə gəldikdə, Sonçino özünü boyun nahiyəsindən iki dəfə bıçaqlayıb. Ağır yaralansa da, onun həyatını xilas etmək mümkün olub və hazırda o, həbsdə saxlanılır.

Pamela Cenininin ailəsi artıq onun qətli ilə bağlı faciəni yaşadıqdan sonra indi də yeni bir zərbə ilə üzləşib. Yaxınları məzarı təhqir edən şəxslərin tezliklə tapılacağına ümid etdiklərini bildiriblər.

İtaliya qanunvericiliyinə görə, bu cür əmələ görə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Polis cinayətkarların axtarışını aktiv şəkildə davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar