Cənubi Koreyada birinci instansiya məhkəməsi seriyalı qatil kimi tanınan Kim So Yonu ömürlük azadlıqdan məhrum edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 20 yaşlı qız iki kişini öldürməkdə və daha dörd nəfərin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinib.
O, sakitləşdirici və yuxugətirici dərmanların yüksək dozasını içkilərə qataraq onları energetik, spirtli içki və ya pohmel əleyhinə vasitə kimi kişilərə verib.
Cinayətlər 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər törədilib. Ümumilikdə 20-30 yaş arasında olan altı kişi onun əməllərindən zərər çəkib. Onlardan ikisi dərman zəhərlənməsindən ölüb, biri sağ qalıb, daha üç nəfərin sağlamlığına isə ağır zərər dəyib.
İstintaq zamanı müəyyən edilib ki, Kim So Yon posttravmatik stress pozuntusundan əziyyət çəkdiyini bildirərək reseptlə həmin preparatları əldə edib. Polis onun psixopatik pozuntuya sahib ola biləcəyi qənaətinə də gəlib.
Prokurorluq təqsirləndirilən şəxs üçün ölüm hökmü tələb edib. Lakin məhkəmə ona ömürlük həbs cəzası verib və əlavə olaraq 30 il müddətinə ayağında elektron qolbaq daşımasını qərara alıb.
Məhkəmə müdafiə tərəfinin Kim So Yonun kişiləri yatızdırmaqla mümkün qısnamadan yayınmaq istədiyi barədə arqumentlərini qəbul etməyib. Prokurorluq isə bildirib ki, o, kişilərdən şəxsi maddi ehtiyaclarını ödəmək üçün istifadə edib və münaqişələrdən qaçmaq məqsədilə onlara yuxugətirici verib.
Hadisə Cənubi Koreyada böyük ictimai rezonans doğurub. Kim So Yon saxlanıldıqdan sonra polis onun fotolarını yayıb. Həmin görüntülərin sosial şəbəkələrdəki görünüşündən xeyli fərqlənməsi internetdə geniş müzakirələrə səbəb olub.