Bakıda narkotiklərin satışı ilə məşğul olanlara qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının son 1 həftə ərzində “Keşlə”, “8-ci kilometr” qəsəbələri və digər ərazilərdə keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik heroin, marixuana, tiryək və metamfetamin aşkar edilib.
Saxlanılanlar Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirdiklərini bildiriblər.
Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının isə son 10 gün ərzində keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutulub.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.