Əsgərin törətdiyi qətldən  YENİ XƏBƏR
12 iyun 2023 12:25 (UTC +04:00)

Əsgərin törətdiyi qətldən YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi,  Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda cinayət işi istintaq edilir.

Bu barədə Lent.az-a respublika hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Onun sözlərinə görə, istintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq.

Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən  öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən E.B.İbrahimova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaq zamanı, həmçinin, Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna  müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunduğundan S.C.Tapdıqova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

# 3813
avatar

Arzu Qurbanlı

Oxşar yazılar