Bələdiyyədə işləyən qadını 9 bıçaq zərbəsi ilə öldürdü:  "Polis şöbəsinin yanında..." - TƏFƏRRÜATLAR
28 noyabr 2022 17:55 (UTC +04:00)

Bələdiyyədə işləyən qadını 9 bıçaq zərbəsi ilə öldürdü: "Polis şöbəsinin yanında..." - TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ 

Qısa arayış…

2021-ci il iyunun 7-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində Mehdi Hüseynzadə küçəsində qətl hadisəsinin baş verməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur. İlkin araşdırmalar zamanı müəyyən edilir ki, 1979-cu il təvəllüdlü Ramil Rəhmanov 1978-ci il təvəllüdlü Svetlana Məmmədovanı bıçaqlayıb. R. Rəhmanov daha sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gedərək könüllü təslim olub.

3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən yaralı səhər saatlarında orada ölüb.
 
Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları adı çəkilən küçədə, hadisənin baş verdiyi boş torpaq sahəsinə baxış keçiriblər.

Hadisə olan küçə

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Svetlana Məmmədovanın meyitində 9 ədəd bıçaq yarası aşkar edilib.

Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib:

Hadisə baş verən torpaq sahəsi

İstintaqla müəyyən edilib ki, iyunun 6-ı saat 22 radələrində Ramil Rəhmanov keçmiş arvadı Svetlana Məmmədovanın Zabrat qəsəbəsində yaşadığı evə gələrək, onunla mübahisə edib. Sonra Ramil qonşuları narahat edəcəklərini bəhanə edərək, mübahisələrini sakit bir yerdə davam etməyi təklif edib. Buna görə qadını idarə etdiyi “Mercedes” markalı avtomobillə Mehdi Hüseynzadə küçəsi, 2 ünvanında yerləşən boş torpaq sahəsinə gətirib. Orada qısqanclıq zəminində üzərindəki bıçaqla üzbəüz dayanan Svetlana Məmmədovaya ardıcıl zərbələr vuraraq onu öldürüb.

İş üzrə dindirilmiş Ramil Rəhmanov bildirib ki, Zabrat qəsəbəsinin icra nümayəndəliyində işləyən Svetlana Məmmədova ilə 2018-ci ildə tanış olub. Onu dəfələrlə taksi sürücüsü kimi evinə və digər ünvanlara aparıb:

Ramil Rəhmanov

“Dostluğumuz tədricən daha da yaxın münasibətə keçdi. Onunla mütəmadi müxtəlif otellərdə görüşürdük. 2020-ci ildən etibarən Zabrat qəsəbəsi, Kərpic Zavod, Yeni yaşayış massivində Svetlanın 1-ci nikahından olan qızı Maya Əsədova ilə birlikdə ailə kimi yaşayırdıq. Dekabrda qadınla rəsmi nikah bağlamışdım. Bir müddətdən sonra ailə münaqişələri səbəbindən 2021-ci ilin fevral ayında birlikdə Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etdik. Rəsmi ayrılmağımıza baxmayaraq Svetlana ilə ər-arvad kimi yaşamağa davam edirdik. Hər gün işdən qayıdarkən onu Dövlət Yol Polisi şöbəsinin yanında yerləşən dayanacaqda qarşılayırdım. İyunun 6-sı saat 22 radələrində şöbəyə tərəf gələrkən Svetlananı BMW markalı avtomobilə əyləşdiyini gördüm və onun xəyanət etdiyini düşündüm. Həmin maşını izləməyə başladım. 5-10 dəqiqə maşını təqib etdikdən sonra Zabrat şosessinində yerləşən ticarət mərkəzinin qarşısında nəqliyyat vasitəsini itirdim. Bundan sonra Svetlananın yaşadığı ünvana yollandım və onun hələ evə qayıtmadığını gördüm. Zəng etsəm də, mobil telefonu sönülü idi”.

İstintaq fotosu

Bir neçə dəfə qadının qızına məxsus nömrəyə zəng edib. Axırıncı dəfə zənginə Svetlana cavab verib:

“Qadın evdə olduğunu söyləyəndə, ona həyətə çıxmasını bildirdim. Əyləşdiyi BMW markalı avtomobilin kimə məxsus olmasını soruşanda, Svetlana mənə aqressiv şəkildə “bunun sənə dəxli yoxdur” dedi. Dəfələrlə bu sualı versəm də qadın mənə eyni qaydada cavab verdi. Mənimlə bu qaydada danışmasına görə bərk əsəbləşdim. Mübahisəmizin böyüdüyünü və qonşuları narahat etdiyimizi gördüm. Svetlananı “Mercedes” markalı maşınıma əyləşdirdim. Qadını, atamdan mənə qalan boş torpaq sahəsinə apardım. Orada növbəti dəfə sual verdikdə, Svetlana BMW-nin xalası oğlu Aqşin Paşayevə məxsus olduğunu bildirdi. Tələb etdim ki, qadın zəng etsin və həmin şəxslə danışaq. Qohumu həqiqətən də bir müddət əvvəl Svetlananın avtomobilinə oturduğunu təsdiqlədi. Amma inanmadım. Aramızda davam edən mübahisə zamanı bıçaqla birinci zərbəni qadının boynuna vurdum. Zərbədən sonra, Svetlana özünü müdafiə etməyə çalışsa da, ona xatırlamadığım sayda xəsarətlər yetirdim. Qadın yerə yıxılandan sonra bıçağı onun yanına tulladım. Qardaşım Kamala zəng edib məscidin yanına çıxmasını istədim. Görüşüb hadisəni danışandan sonra Kamaldan məni 15-ci Polis Bölməsinə aparmasını xahiş etdim. Bölməyə daxil olub polis əməkdaşına adam öldürdüyümü dedim və təslim oldum”.

İstintaq fotosu
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Həcər Məmmədova ifadəsində göstərib ki, qızı Svetlana Məmmədova 1996-cı ildə Xəqani Əsədovla rəsmi qaydada ailə qurub: 

“Nikahdan 2 övladı dünyaya gəlib. Qızım Zabrat qəsəbəsinin nümayəndəliyində texniki işçi, son 1 il ərzində isə Bakıxanov qəsəbəsi bələdiyyəsində mütəxəssis vəzifəsində işləyirdi. 2016-cı ildə məhkəmə yolu ilə ərindən boşanmışdı. Qətiyyən razı olmasam da, 2020-ci ildə Svetlana Ramil adlı taksi sürücüsü ilə rəsmi nikaha daxil oldu. 2021-ci il iyunun 7-i gecə saat 1 radələrində mobil telefonuma tanımadığım nömrədən zəng daxil oldu. Özünü 3 saylı şəhər klinik xəstəxanasının cərrahı kimi təqdim edən şəxs qızımın bıçaqlandığını və əməliyyata alındığını bildirdi. Dərhal ailə üzvlərimlə birgə xəstəxanaya yollandıq. Səhər saat 5 radələrində reanimasiya şöbəsindən bizə Svetlananın ölməsi barədə məlumat verildi”.

Svetlana Məmmədova
 
Şahid Maya Əsədzadə bildirib ki, iyunun 6-ı saat 23 radələrində tanımadığı nömrədən mobil telefonuna zəng daxil olanda, telefonu anasına verib və özü mətbəx otağına keçib:

“Anamın telefonla nə danışdığını eşitmədim. Öz otağıma keçəndə, pəncərədən həyətə maşın gəldiyini gördüm. Daha sonra qışqırıq səsi eşitdim, avtomobil həyətdən sürətlə uzaqlaşdı. Bundan sonra yatmadım, evdə oturub anamı gözlədim. Ayın 7-i səhər saat 8 radələrində xəstəxananın həyətinə daxil olanda, nənəm və digər ailə üzvlərimin ağladığını gördüm. Sonra Ramilin anamı öldürdüyünü öyrəndim”.
 
Şahid Kamal Rəhmanov bildirib ki, iyunun 6-da gecə zəng edən qardaşı Ramil ona tez evlərinin yaxınlığında yerləşən məscidin yanına çıxmağını deyib:

Svetlananın meyiti

“Həmin yerə gedərək, orda qardaşımla görüşdüm. Polis bölməsinə çatanda Ramil maşının açarını mənə təhvil verdi. Növbətçi hissəyə yaxınlaşan qardaşım adam öldürdüyünü bildirdi. Sorğu-sual ediləndən sonra polis əməkdaşları Ramili xidməti avtomobillə hadisə yerinə apardılar. Hadisə yerinə çatanda, TTY briqadası Svetlananı maşına yerləşirib, xəsətxanaya apardı. Baxış keçirilərkən qardaşıma məxsus bıçaq həmin ərazidə aşkar edildi”.
 
Şahid Faiq Quliyev bildirib ki, iyunun 7-də gecə qışqırıq səsi gəldiyini eşidib, həmin yerə doğru gedib və Ramil Rəhmanova məxsus torpaq sahəsində, darvazanın qapısının söykənmiş halda bir qadını görüb:

“Qadın ona kömək etməyimi xahiş etdi. Kim olduğunu və nə baş verdiyini soruşanda, qadın əri Ramilin onu bıçaqla vurduğunu bildirdi. Xanımın harayına bir-iki nəfər qonşu da yaxınlaşdı. Təcili yardımın qaynar xəttinə zəng edib məlumat verdim. 15 dəqiqədən sonra tibbi yardım briqadası qadını xəstəxanaya apardı. Səhərisi gün bildim ki, yaralanan qadın xəstəxanada aldığı bıçaq xəsarətlərindən ölüb”.

Qətl törədilən bıçaq
   
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Ramil Rəhmanov 10 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8712
avatar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45