Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə 30 il əvvəl Bakıda törədilən qətllə bağlı təqsirləndirilənlər - Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keirilib.
Lent.az xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib, onların hüquq və vəzifələri izah olunub. Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verildiyini, növbəti iclasın iyulun 29-na təyin edildiyini elan edib.
Xatırladaq ki, 1996-cı il aprelin 10-da Bayramov Gülməmməd Xanəhməd oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılarkən məlum olub ki,
Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 1996-cı il aprelin 10-a Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.
Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.