Bakıda 50 manat borca görə  gənc oğlanı öldürdülər - TƏFƏRRÜATLAR
15 noyabr 2022 20:15 (UTC +04:00)

Bakıda 50 manat borca görə gənc oğlanı öldürdülər - TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ 

Qısa arayış…

2020-ci il sentyabrın 16-ı saat 23 radələrində Suraxanı rayon Əmirxan qəsəbəsi Səttar Bəhlulzadə küçəsində 1994-cü il təvəllüdlü Orxan İsayev bıçaqlanır. Bu barədə rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olur. Bir müddətdən sonra məlum olur ki, O. İsayev yerləşdiyi 3 saylı şəhər xəstəxanasında dünyasını dəyişir.   

Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunur. Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətin Əmircan qəsəbəsində yaşayan 2000-ci il təvəllüdlü İmran Cərullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilir. Həmin gecə Cərullayev saxlanılıb. Onun ifadəsi əsasında BülBülə qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Elşad Əliyev də saxlanılır.

İstintaq fotosu

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

Lent.az sözügedən cinayət işinin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edilib ki, sentyabrın 16-da İmran Cərullayev qardaşı Əlimurad Cərullayevin Orxan İsayevə 50 manat pul borcunun olmasını öyrənib. Buna görə dostu Elşad Əliyevlə birlikdə S.Bəhlulzadə küçəsi, 95 ünvanında Orxan İsayevlə görüşüb. Qardaşının hansı səbəbə görə borc pul aldığını soruşarkən Orxan heç bir açıqlama vermədən bildirib ki, bu məsələni özü və Əlimurad bilər. Bundan hiddətlənən İmran Cərullayev üzərindəki bıçaqla Orxan İsayevin qarnına və döş qəfəsinə 2 dəfə zərbə endirib. Daha sonra o, Elşad Əliyevlə əlbir olaraq, onları aralamaq istəyən Orxan İsayevin qohumu Ravil Qafarova bıçaqla xəsarət yetirib.

İstintaq fotosu

İş üzrə dindirilmiş İmran Cərullayev bildirib ki, sentyabrın 16-da evdə olanda qardaşı Məhəmməd anasının telefonuna zəng edərək, Orxan İsayevin digər qardaşı Əlimuradı aralarındakı pul məsələsinə görə axtardığını deyib. Buna görə o, Məhəmməd vasitəsilə Orxana zəng edib, Univermağın qarşısına çağırıb:

“Həyətdən çıxanda, hər ehtimala qarşı özümlə mətbəx bıçağı götürdüm. Ora gedərək, həmin şəxslə görüşdüm. Əlimuradın nəyə görə borcu olduğunu soruşanda, Orxan “özü bilir” dedi. Qardaşımın əksər vaxtını tanışımız Elşad Əliyevlə keçirdiyi üçün, Elşada zəng etdim. Elşad mənə Əlimuradla birlikdə Əli adlı şəxsin həyətində oturub söhbət etdiklərini söylədi. Həmin ünvana yollanaraq, qardaşıma Orxan İsayevin borca görə onu axtardığını dedim. Əlimurad Orxandan aldığı borcun səbəbini açıqlamadı. Buna görə hətta aramızda mübahisə yarandı. Əlimurad cibindən 50 manat çıxardıb mənə uzatdı. Elşad mənimlə birlikdə gedəcəyini bildirdi. Yenə də Əlimuradın nəyə görə ondan borc götürdüyünü soruşduqda, Orxan mənimlə aqressiv danışmağa başladı. Elşada səbirli olub, kənarda dayanmasını desəm də, dostum yanımıza yaxınlaşdı”.

İstintaq fotosu

Söhbətlərinə müdaxilə etdiyinə görə, Orxan əsəbiləşərək Elşadla mübahisə edib. İmran onların ortasında dayanıb. Sol tərəfində Orxan, sağ tərəfində isə Elşad olub:

“İsayev üzünü mənə çevirərək əsəbi halda “50 manatı verib-verməyəcəyimi?” soruşdu. Mən də “bu cür rəftar etdiyin üçün sənə pulu verməyəcəm” dedim. Orxan söyüş söydüyünə görə, bıçağı belimdən çıxararaq, qarnına zərbə endirdim. Həmin an avtomobildən çıxan Ravil Qafarovun bizə tərəf gəldiyini gördüm və 2-ci zərbəni Orxanın sinəsinə vurdum. Ravil Elşadın arxasınca qaçdı və yolun kənarında yumruqla onu yerə yıxdı. Dostuma kömək etmək üçün arxadan Ravilə bıçaqla xəsarət yetirdim. Yaralanan şəxs  31-ci Polis Bölməsinə tərəf qaçdı. Bir az onu təqib edəndən sonra yolda fikrimizi dəyişərək, dayandıq və dəmir yolu xəttinə doğru getdik”.

Elşad Əliyev

Təqsirləndirilən şəxs qismində dindirilmiş Elşad Əliyev bildirib ki, sentyabrın 16-da görüş vaxtı sakit tərzdə danışmasını məsləhət görəndə, Orxan İsayev onunla mübahisə edərək “bu işə qarışmamasını” deyib:

“İmran birinci zərbəni vuranda, Orxan qolumu buraxdı. Dostumun zərərçəkmişi ikinci dəfə vurduğunu görmədim. Çünki başım arxamca qaçan Ravil Qafarova qarışmışdı. Görüşə gedərkən məqsədimiz dava etmək deyildi. Sadəcə borc məsələsinə görə İmran Orxanla söhbət etmək istəyirdi”.

İstintaq fofosu

Zərərçəkmiş şəxsin hüquqi varisi Elçin İsayev ifadəsində göstərib ki, sentyabrın 16-ı saat 22 radələrində Orxanın qayınanası Elmira zəng edərək, oğlunun bıçaqlandığını və 3 saylı xəstəxanada olduğunu bildirib. Xəstəxanaya çatanda qəbul şöbəsində ona artıq Orxanın öldüyünü deyiblər.

Şahid Əlimurad Cərullayev bildirib ki, Orxan İsayevlə “Gənclik” metrosunun yanında fəaliyyət göstərən restoranda işləyib:

“Onunla birlikdə mütəmadi narkotik vasitə qəbul edirdik. 2019-cu ilin payızında Orxan İsayevin övladının ana bətnində vəfat etdiyini bildim. Dostum bunun narkotik maddə qəbul etdiyinə görə baş verdiyini bildirdi. Narkotik vasitədən istifadəni tərgitdikdə ağrıları güclü olmasın deyə ona psixotrop maddələr qəbul etməsini məsləhət gördüm. Orxana “lazım olsa, sənə 10 manata “metadon” tapa bilərəm” dedim. 2020-ci il sentyabrın 16-da günorta Əmircanda, univermağın qarşısında görüşdük. Orxan “metadon” almağım üçün mənə 50 manat pul verəndə,  yarımsaata qayıdacağımı söz verdim. Narkotik və psixotrop maddələri əsasən Bülbülə qəsəbəsində yaşayan tanışımdan alırdım. Lakin həmin şəxs evdə olmadığı üçün, metadon ala bilmədim və bu səbəbdən gözləyən Orxanın yanına qayıtmadım”.

Orxanın cəsədi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Cərullayev 18 il, Elşad Əliyev isə 4 il müddətinə azadlıqdan məhrum olunublar.

# 7587
avatar

Oxşar yazılar