Şirvan Apellyasiya Məhkəməsində dekabrın 7-də Cəlilabad rayonunda qətl törədən şəxslərin apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində Cəlilabad sakinləri Ələkbərli Əli Fazil oğlu və Ağamalızadə Altay Alxas oğlunun apellyasiya şikayətinə baxılıb.
Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cəlilabad rayon sakinləri, Ələkbərli Əli Fazil oğlu və Ağamalızadə Altay Alxas oğlu 2019-cu ilin yanvar ayının 25-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 1993-cü il təvəllüdlü Sahib Muradovu qətlə yetirməkdə ittiham olunurlar. Yuxarıda göstərilən tarixdə S.Muradovu çoxsaylı zərbələrlə bıçaqla qətlə yetirən Ə.Ələkbərli sonradan meyiti doğrayaraq taksi sürücüsü A.Ağamalızadənin köməyi ilə onun fraqmentlərini bir neçə rayonda basdırıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbərli Əli Fazil oğlu Cinayət Məcəlləsinin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə 18 il 11 ay 27 gün, Ağamalızadə Altay Alxas oğlu Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.