Qazaxıstanın Almatı vilayətində oteldə qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Taldıkorqan şəhərində baş verib.
Mayın 24-nə keçən gecə otellərdən birində yanğın olub. Yayılan məlumatlara görə, administratorun meyiti hadisə yerində 12 bıçaq xəsarəti ilə tapılıb. Faktla bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 23 yaşlı şübhəlini yerindəcə saxlayıblar.
Polisdən bildirilib ki, Taldıkorqanda qətl faktı ilə bağlı cinayət işi açıb. İstintaq tədbirləri davam etdirilir. İstintaq çərçivəsində digər məlumatlar açıqlana bilməz.
Bu arada, regional Fövqəladə Hallar Departamenti (FHN) təfərrüatları əlavə edib.
Məlum olub ki, yanğın otelin birinci mərtəbəsində saat 04:14-də qeydə alınıb:
"Qəbul məntəqəsində başlayan yanğın 20 kvadratmetr ərazini əhatə edib. Yanğın saat 04:29-da tam söndürülüb. Xilasedicilər biri uşaq olmaqla 35 nəfəri təxliyə ediblər".