Hesablama Palatasında Milli Məclisin qərarı ilə Hesablama Palatasının sədri təyin olunmuş Vüqar Gülməmmədovun təqdimetmə mərasimi keçirilib. Bu barədə Lent. az-a yeni sədri Palatanın kollektivinə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim edib.
Mərasimdə V. Gülməmmədov çıxış edərək ona göstərilmiş bu böyük etimada görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib, bu məsul vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarığını sərf edəcəyini qeyd edib. V. Gülməmmədov Milli Məclisin sədri Oqtay Əsədova və səsvermə ilə ona etimad göstərən Milli Məclis üzvlərinə də minnətdarlığını ifadə edərək, öz fəaliyyəti ilə bu inamı tam doğruldacağına əmin edib.
Palatanın əvvəlki sədri Heydər Əsədovun rəhbərliyi ilə Hesablama Palatasında güclü maddi-texniki və hüquqi baza yaradıldığını qeyd edən V. Gülməmmədov bu bazanın daha da təkmilləşdirilməsini, onun Azərbaycandakı iqtisadi inkişafın yeni yüksəliş mərhələsinin tələblərinə uyğunlaşdırılmasını, eyni zamanda Hesablama Palatasının potensialının gücləndirilməsini, Hesablama Palatasının kadr resurslarının artırılması və təşkilatın strukturunun təkmilləşdirilməsini Palata qarşısında duran əsas vəzifələrdən hesab etdiyini bildirib.
V. Gülməmmədov bildirib ki, ona göstərilən bu etimad həm də böyük məsuliyyət deməkdir və Palatanın işgüzar nüfuzunun gözlənilməsi və ucaldılması üçün ciddi səy göstərəcək.