Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının Prezidenti cənab Andre Vilye, Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi cənab Federiko Kasteluççinin rəhbərlik etdiyi Fransadan olan nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşün əsas məqsədi Azərbaycan və Fransa arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Nazir təyinatından sonra ilk görüşünün Fransa nümayəndə heyəti ilə olduğunu bildirib və bu görüşün əhəmiyyətindən danışıb.
Nazir H. Əsədov Azərbaycanda aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə prezident tərəfindən göstərilən dəstəkdən söz açaraq aqrar sahəyə subsidiyaların verilməsi, torpaq vergisi istisna olmaqla kənd təsərrüfatı istehsalçılarının bütün vergilərdən azad olduğunu, gübrələrin güzəştlə verildiyini və s. qeyd edib.
Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti səmimi qəbula görə nazir H. Əsədova təşəkkür edib, onu təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb.