Dekabrın əvvəlində Azərbaycanda Tarif Şurasının qərarı ilə avtomobil yanacağının pərakəndə satış qiymətlərinin artımından sonra yanacaqdoldurma məntəqələrində satılan məhsulun keyfiyyəti ilə əlaqədar yoxlamalar aparılacaq.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, yoxlamaların aparılması üçün göstəriş verilib: «Hər gün yoxlamalar aparılır. Öncədən bildirilmədən məntəqələrə gedərək nümunələr götürüləcək».
Komitə sədri deyib ki, Sumqayıt şəhərində müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir: «Götürülən nümunələr burada yoxlanılacaq. Bu günə qədər belə bir problem olmayıb. Lakin bu məsələ çox ciddi nəzarətdədir. Yoxlamalar davam etdiriləcək».