İsmayıllı və Neftçala rayonlarında dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair auditlərin nəticələri parlamentə təqdim olunacaq
Hesablama Palatasının Kollegiya iclasında İsmayıllı və Neftçala rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair auditlərin nəticələri üzrə Rəy və Hesabat müzakirə olunaraq təsdiqlənib.
Lent.az-ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən qurulması üzrə Agentliyə Gəncə şəhəri, Şəmkir, Samux, Oğuz, Zaqatala, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına və su təmizləyici qurğunun tikintisinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Xarici İşlər Nazirliyinin mərkəzi aparatının saxlanılmasına və digər tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə, Ağcabədi və Goranboy rayonlarının Yerli İcra Hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsinə, Bərdə və Qusar rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları da təsdiqlənib.