Vergilər Nazirliyində “2016-cı il dövlət büdcəsi haqqında” qanunun və “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” qanunun təsdiq edilməsi ilə bağlı qurum qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.
Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov qeyd edib ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılıb. Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilmiş, bu dəyişikliklər 20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunaraq, 7 dekabr 2015-ci il tarixdə Azərbaycan prezidentinin Fərmanı ilə təsdiq edilib.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F. Məmmədov qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.
Bildirilib ki, aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.
Vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60 000 manatdan 100 000 manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8% dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidir. Bu dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin ödəyicilərin vergi yükünün azaldılmasını təmin edəcək.
Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.
Dünyada baş verən qlobal iqtisadi dəyişikliklər nəticəsində ölkə iqtisadiyyatının yeni şəraitdə inkişaf etdiyini diqqətə çatdıran vergilər naziri bildirib ki, bununla bağlı vergi orqanlarının üzərinə kifayət qədər çətin və məsuliyyətli vəzifələr düşür. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, büdcənin cari xərcləri vergi daxilolmaları, habelə gömrük və digər daxilolmalar hesabına təmin olunmalıdır və bu da vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarına tam həcmdə və vaxtında əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülməsini tələb edir.
Bir tərəfdən neftin qiymətinin aşağı düşməsi hesabına bu sahədən daxil olan gəlirlərin və müvafiq olaraq vergi daxilolmalarının azalması, digər tərəfdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin xeyli hissəsinin sosialyönümlü olması, o cümlədən əhalinin böyük bir təbəqəsinin əmək haqlarından tutulan gəlir vergisi, habelə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin və ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin artırılması nəticəsində vergi daxilolmalarında gözlənilən azalmaları da nəzərə almaqla büdcəyə daha çox vergi yığılması üçün vergi bazası genişləndirilməli, vergidən yayınmağa cəhd göstərənlərə qarşı daha sərt inzibati tədbirlər görülməlidir ki, bütün bunlar artıq Məcəllədə öz əksini tapıb və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.
Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun və digər normativ hüquqi aktların tətbiqi ilə əlaqədar konkret Tədbirlər Planının təsdiq edilməsi barədə əmr imzaladığını diqqətə çatdıran F. Məmmədov həmin planda nəzərdə tutulan tədbirlərin icrasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, Planda Vergi Qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq bir sıra yeni Qaydaların hazırlanması və ya mövcud Qaydalara dəyişiklik edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydasının hazırlanması, illik dövriyyəsi 200 min manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün təqdim ediləcək məlumat formasının və onların uçota alınmaq qaydasının hazırlanması, 2016-cı ilin 1 yanvar tarixinə illik dövriyyəsi 200 min manat və az olan ƏDV ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq rejiminə keçid mexanizminin hazırlanması, saxta aksiz markaları ilə markalanmış malların müəyyən edilmə mexanizminin işlənib hazırlanması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlanması və seçdiyi vergitutma metodu barədə verilən məlumat formasının və onun tərtib edilmə qaydasının hazırlanması, nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, bu və bu kimi digər məsələlərlə bağlı treninqlərin keçirilməsi öz əksini tapıb.
Tədbirlər Planında büdcə proqnozları və onların icrası, Məcəllədəki dəyişikliklərlə bağlı vergi ödəyicilərinə göstəriləcək xidmətlər, əhalinin və vergi ödəyicilərinin KİV-lər vasitəsilə məlumatlandırılması, vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi, vergi ödəyicilərinin təsərrüfat subyektlərinin inventarizasiyasının keçirilməsi, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı tərtib olunan akt və inzibati xətalara dair işlər haqqında protokolun formasının tətbiq edilməsi, kadr və tədris məsələləri, yeni proqramlar əsasında vergi orqanı əməkdaşlarına təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Yekunda vergilər naziri müzakirə olunan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.