Vergilər Nazirliyi tərəfindən bu ilin üçüncü rübü ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markası olmayan malların satılması faktları üzrə cəmi 380 cinayət işi başlanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58 iş çoxdur. Lent. az-ın xəbərinə görə, bu barədə VN məlumat yayıb.
Həmin cinayət işlərindən 159-u səyyar vergi yoxlamalarının nəticələri, 202-si vergi borcunun ödənilməməsi, 14-ü aksiz markaları olmayan malların satılması faktları ilə bağlı vergi orqanlarından, 5-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.
Hesabat dövründə istintaqı tamamlanmış 82 cinayət işindən külli miqdarda vergidən yayınma faktları üzrə 28 iş, xeyli miqdarda vergidən yayınma faktları üzrə 37 iş, qanunsuz sahibkarlıq faktları üzrə 5 iş, qanunsuz idman mərc oyunlarının keçirilməsi faktı üzrə 1 iş, aksiz markaları olmayan malların satılması faktları cəmi 83 nəfər barəsində 82 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hesabat dövründə 196 işin icraatına xitam verilib, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 24 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər.
Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 27 508 900 min manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 22 nəfər tutularaq istintaqa təhvil verilmiş, istintaqdan yayınan 283 şəxsin məcburi qaydada gətirilməsi, 292 şəxsin tapılaraq istintaqa gəlməsi, 211 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 409 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.