Yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat təşkil edib.
ÜDM-in 63,6 faizi istehsal sahələrində, o cümlədən 46,5 faizi sənayedə, 11,3 faizi tikintidə, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,9 faizi isə xidmət sahələrinin payına düşüb.
Xidmət sektorunda əlavə dəyər istehsalının 23,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,5 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb.