Qazaxıstan Azərbaycana ixrac etdiyi taxılın qiymətini qaldırıb.
Bu barədə APA-nın qərb bürosuna Gəncədə un istehsalı ilə məşğul olan sahibkar Arif Həsənov məlumat verib. Onun sözlərinə görə, ötən ilin sonlarında Qazaxıstandan alınan taxılın bir tonu 250 dollar idisə də, son bir ayda bu qiymət 30 dollar artaraq 280-ə çatıb.
Sahibkar bildirib ki, respublika daxilində də dəmiryolu ilə taxılın daşınma qiymətlərinin hər tona görə 10 dollar qalxması unun qiymətinə təsir edəcək.
“Hələ ki, 2-3 ay əvvəl ucuz qiymətə aldığımız taxıldan un hazırlayıb satırıq. Buna görə qiymətdə dəyişiklik yoxdur. Baha qiymətə gətirdiyimiz taxıldan un üyüdəndə isə sözsüz ki, qiymətdə artım olacaq”.
A. Həsənovun bildirdiyinə görə, Qazaxıstandan alınan taxılın qiymətinin bahalaşmasına səbəb həmin ölkədə dəmiryolu xərclərinin artmasıdır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov isə APA-ya açıqlamasında bildirib ki, dəmiryolu ilə taxılın daşınma qiymətləri məzənnənin dəyişməsi və s. amillərlə əlaqədar olaraq dəyişir.
Z. Məmmədovun sözlərinə görə, Dövlət Taxıl Fondunun taxıl idxal etdiyi ölkələrlə bağladığı müqavilələrdə taxılın bir tonu 250 dollar təşkil edir, məhsul bu qiymətə də gətirilir.
“Bizə heç bir ölkədə qiymət artımı ilə bağlı heç nə bildirilməyib. Ümumilikdə, 500 min ton taxıl alınmalıdır. Bu miqdar qurtarana qədər biz taxılın tonunu 250 dollara alacağıq. İndiyə qədər 350 min ton taxıl gətirilib”, - deyə Z. Məmmədov əlavə edib.