Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvlərinin ictimaiyyət üçün birgə bəyanatının detallarını açıqlayıb.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, etibarlı təchizat və dünya bazarlarına enerji nəqlinin təhlükəsizliyinin təminatı davamlı inkişafın təmin edilməsində ən vacib və zəruri faktorlardır.
“Strateji əməkdaşlığın əhəmiyyətinin artmaqda olduğunu və Cənub Qaz Dəhlizinin uğurla və qrafikə uyğun həyata keçirilməsi üçün qarşılıqlı faydaya əsaslanan fəaliyyətlərin gücləndirilməsi və genişləndirilməsinə olan niyyətimizi bir daha təkrar edirik”, - deyə bəyanatda vurğulanır.
Sənəddə həmçinin qeyd olunur ki, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələrin iştirakçıları üçün əlverişli maliyyələşdirməyə nail olmaq məqsədi ilə şəffaf, proqnozlaşdırıla bilən və stabil qanunvericilik mühitinin formalaşdırılması, milli və Avropa maliyyə institutlarının cəlb edilməsi üçün daha səmərəli mexanizmlərin işlənib hazırlanması naminə növbəti səylər nəzərdən keçiriləcək: “Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçiriləcək layihələr üzrə fəaliyyətlərin başlanılması üçün tələb olunan müvafiq qanunverici və ilkin hüquqi tələblər, həmçinin icazə və təsdiq qərarları üçün müvafiq ölkələrin hazırlığını təsdiq edirik. Energetika sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini bir daha təsdiq edir və Azərbaycandan Avropaya və digər bazarlara enerji təchizatını həyata keçirən marşrutların şaxələndirilməsi istiqamətində aparılan siyasətin davam etdirilməsinin mühüm olduğunu nəzərə alırıq”.
Bundan başqa, bəyanatda deyilir ki, layihənin həyata keçirilməsi məsələləri barədə Avropa Birliyinin mövcud formatından ən səmərəli şəkildə istifadə etmək üçün strateji infrastrukturun inkişaf etdirilməsini dəstəklənir və Avropa Komissiyasının davamlı dəstəyi ilə Cənub Qaz Dəhlizi ilə bağlı konkret yanaşma aparılır: “Cənub Qaz Dəhlizinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün məsələləri ən praktik şəkildə və vaxtında həll etmək üçün Cənub Qaz Dəhlizinin bütün potensial gələcək iştirakçılarına da açıq olmaqla ikitərəfli və çoxtərəfli formatda işçi məsləhətləşmələr aparılmasını nəzərdə tuturuq”.
Xatırladaq ki, fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib. İclasın sonunda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Birləşmiş Krallıq, ABŞ-ın səlahiyyətli nümayəndələri və Avropa Komissiyasının Vitse-Prezidenti tərəfindən birgə bəyanat imzalanıb.