Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasının 5 ili tamam olur.
“APA-Economics”in xəbərinə görə, komitə prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. Ölkə başçısının 4 aprel 2012-ci il tarixli fərmanı ilə Komitənin fəaliyyəti daha da təkmilləşdirilib, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti yaradılıb.
Standartlaşdırma, metrologiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrinin inkişaf dinamikasını beynəlxalq təşkilatlarla qurulmuş sıx əməkdaşlığın nəticəsində də sezmək mümkündür. Azərbaycan Respublikası 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatında, 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatında, 2007-ci ildən KOOMET Regional Metrologiya Təşkilatında, 2010-cu ildən Avropa Standartlaşdırma Təşkilatında və Kodeks Alimentarius Komissiyasında, 2011-ci ildən Beynəlxalq Elektrotexnika Komissiyasında, 2012-ci ildən Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatında təmsil olunmaqdadır.
Azərbaycanın Normativ sənədlər üzrə Dövlət Fondunda hazırda 21 056 standart mövcuddur. Bunların 711-i Azərbaycan Respublikasının Dövlət standartları, 20 407-si isə dövlətlərarası standartlardır. Bu standartlar əsasən neft-kimya, elektrotexnika, nəqliyyat, ekologiya, qida sənayesi, informasiya texnologiyaları, tikinti materialları, kənd təsərrüfatı, keyfiyyət sistemi və s. sahələri əhatə edir.
Qeyd edilən sahələrdə işlərin davamlı şəkildə həyata keçirilməsi və səmərəliliyin artırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Qida məhsulları, Neft və neft məhsulları, İnformasiya Texnologiyaları, Ekologiya, Turizm, Tikinti materialları, Geomatika, Keyfiyyəti idarəetmə üzrə Texniki Komitələr yaradılıb.
Texniki tənzimləmə və standartlaşdırma sahəsinin inkişafı məqsədilə yaradılmış Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun da rolu danılmazdır. İnstitut yeni standart layihələrinin hazırlanması, ekspertizası, regional və beynəlxalq standartlarla harmonizasiyası, həmçinin Texniki Komitələrin işinin əlaqələndirilməsində, maraqlı tərəflərin normativ sənədlərlə təmin edilməsində başlıca rolu olan Komitənin struktur vahidlərindən biridir.
Son illər metrologiya sahəsinin inkişafında da yüksək nəticələr əldə edilib. 2008-2010-cu illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində Milli Etalon Mərkəzinin yaradılmasına başlanıb.
Azərbaycan prezidentinin 4 aprel 2012-ci il tarixli fərmanına əsasən yaradılmış Komitə yanında Dövlət Metrologiya Xidməti dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Hazırda Komitə yanında Dövlət Metrologiya Xidmətinin Milli Etalon Bazası Kütlə, Qüvvə və təzyiq, Elektrik kəmiyyətləri, Vaxt və tezlik, Temperatur, Sıxlıq və özlülük, Dozimetrik dövlət etalonları laboratoriyalarından ibarətdir.
Komitə ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində yeni yaradılan Dozimetrik dövlət etalonları laboratoriyasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Laboratoriyanın yaradılmasının məqsədi respublikada mövcud olan dozimetrik, radiometrik, spektrometrik və rentgen diapazonunda işləyən cihazların kalibrlənməsindən ibarətdir. Laboratoriya daxilində dozimetrik, rentgen ölçmə vasitələrinin kalibrlənməsi və spektrometriya laboratoriyalarının yaradılmasına artıq başlanıb.
Daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolu mühümdür. Akkreditasiya konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınmasını təmin edən vasitədir. Azərbaycan prezidentinin 4 aprel 2012-ci il tarixli fərmanı ilə yaradılmış Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Məhsulların keyfiyyətini daima nəzarətdə saxlamaq üçün, istehlakçıların keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərlə təminatını gücləndirmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi laboratoriya quruculuğuna ciddi önəm verməkdədir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Təcrübə-Sınaq Mərkəzi - AzTEST-in fəaliyyəti son illərdə daha da təkmilləşdirilmiş, məhsul və malların sınaqlarının aparılması, ölçmə vasitələrinin kalibrlənməsi, ümumilikdə istehlakçı hüquqlarının qorunmasında vacib rol oynayan avadanlıqların alınması intensivləşmişdir. Bu gün əminliklə demək olar ki, Təcrübə-Sınaq Mərkəzində qurulmuş və istifadə olunan laboratoriyalar ən müasir avadanlıqlar olmaqla yanaşı, ən dəqiq nəticələri təyin etməyə və peşəkar mütəxəssislərə malikdir. Son zamanların ən aktual problemlərindən biri olan geni modifikasiya olunmuş məhsullarla mübarizə məqsədilə AzTEST-də GMO məhsullarının sınağı laboratoriyası yaradılıb və istifadəyə verilib.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı apardığı uğurlu siyasət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarələrinin maddi-texniki bazasının güclənməsi, yeni inzibati binaların istifadəyə verilməsi ilə nəticələnib. Gəncə şəhərində ərazi idarəsinin yenidən qurulması, laboratoriyaların tikilməsi, Yevlax, Sumqayıt, Salyan şəhərlərində yeni inzibati binaların istifadəyə verilməsi bunlara əyani sübutdur. 2012-ci ildə Şəki Ərazi Sınaq və Sertifikatlaşdırma şöbəsinin inzibati binası və ölçmə vasitələrinin kalibirlənmə laboratoriyaları yenidən qurulmuş, qida laboratoriyası yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Gəncədə qida laboratoriyası yeni avadanlıqlarla təchiz edilib. 2013-cü ildə Salyanda yeni inzibati bina, qida məhsullarının sınağı və ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası tikilərək istifadəyə verilib və yeni avadanlıqlarla təchiz olunub.
Azərbaycanda istehsal olunan və idxal olunan yanacaq və sürtkü yağlarının keyfiyyətinin Avropa standartlarına uyğun yoxlanması üçün 2012-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində neft və neft məhsullarının sınaq laboratoriyası yaradılıb, yeni müasir avadanlıqlarla təchiz edilib və hal-hazırda onun fəaliyyətinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilir.
Məhsulların və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi məqsədilə yaradılmış Komitənin “AzSERT” MMC sahibkarlıq subyektləri ilə əməkdaşlıq edərək müasir standartların müəssisələrdə tətbiqi işini sürətləndirir, hazır məhsulların uyğunluğunu qiymətləndirərək nəticələri bəyan edir, məhsulları sertifikatlaşdırır. AzSERT xidmət sahələrinin sertifikatlaşdırılması sahəsində də fəaliyyətini genişləndirməkdədir.
Prezident İlham Əliyevin "Qara qızılı insan kapitalına çevirməliyik" fikrini əsas tutaraq patent sisteminin hüquqi bazasının təkmilləşdirilməsi, bu sahədə innovativ yeniliklərin tətbiqi işləri də mütəmadi olaraq yerinə yetirilir. Bu sahədə aparılan islahatlar nəticəsində Komitənin tabeliyində yeni qurum - “Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)” MMC təsis edilib. AzPatent sənaye mülkiyyəti obyektlərinə dair milli və xarici iddiaçılardan, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosundan daxil olan iddia sənədlərini qəbul edir, ekspertizasını aparır, ekspertizanın nəticəsi üzrə müvafiq qərarlar qəbul edir.
Ölkəmizdə patent sisteminin modernləşdirilməsi, məlumat axtarışının avtomatlaşdırılması, Təlim Mərkəzinin yaradılması məqsədilə 11 oktyabr 2011-ci il tarixində imzalanmış “Qrant Razılaşması” layihəsi əsasında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə işlər müvəffəqiyyətlə başa çatıb. Bu layihə Azərbaycanın patent sistemi üçün mühüm əhəmiyyətə malikdir və o, “Elektron Hökumət” proqramının tərkib hissəsinə daxil edilib. Sənədlərin elektron formatda qəbulu, dövriyyəsi, habelə göndərilməsi iddiaçıların işini asanlaşdırmaqla yanaşı, ekspertiza prosesinin də sürətlənməsinə və keyfiyyətinə müsbət təsir göstərməkdədir.
Azərbaycan prezidentinin 4 aprel 2012-ci il tarixli fərmanı ilə yaradılmış Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Son dövrlərdə regionlarda ərazi dövlət nəzarəti idarələrinin maddi-texniki bazası gücləndirilib, yeni inzibati binaları istifadəyə verilib.
Dövlət Nəzarəti Xidməti fəaliyyətə başladığı dövrdən mütəmadi olaraq təsərrüfat subyektlərində dövlət nəzarəti aparıb. Onların sırasında çörək məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, ictimai iaşə müəssisəsində xidmətin və ərzaqla təminatın keyfiyyətinin artırılmasına, o cümlədən yeyinti məhsullarının idxalına aid edilən nəzarət tədbirlərini misal göstərmək olar. Monitorinqlər nəticəsində hələ də bir sıra istehsalçılar və sahibkarlar tərəfindən keyfiyyətsiz məhsulların istehsalı və respublikaya idxal olunması aşkar olunur. Bununla bağlı Komitə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilməkdədir. Dövlət Nəzarəti Xidməti tərəfindən insan həyatı və sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun olmayan qida məhsulları istehsalçı və idxalçılarına qarşı qanunvericiliyə uyğun olaraq cərimə sanksiyaları tətbiq olunub, uyğunluq sertifikatı olmayan məhsulların istehsalı və satışı qadağan edilib, təhlükəli ərzaq məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.
Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi fəaliyyətini günbəgün inkişaf etdirir. Ölkə rəhbəri tərəfindən aparılan düzgün və məntiqli siyasət, uğurlu iqtisadi strategiya, sahibkarlığın inkişafına dövlətin dəstəyi, azad rəqabət mühiti ölkəmizin imicinin beynəlxalq aləmdə yüksəldilməsinə xidmət edir. Komitənin başlıca məqsədləri prezident İlham Əliyevin tapşırıqları əsasında Azərbaycanda keyfiyyət infrastrukturunun ən yüksək standartlar əsasında təşkili və bu sahəni inkişaf etdirməkdir.