Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ölkəmizdə əmək pensiyalarının yığım hissəsinin nə vaxt tətbiq olunacağına aydınlıq gətirib.
Lent.az-ın verdiyi məlumata görə, Səlim Mülümov deyib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyaları baza, sığorta və yığım hissələrindən ibarətdir. Bu gün yalnız baza və sığorta hissələri real fəaliyyət göstərir.
Səlim Müslümov bildirib ki, beynəlxalq təcrübədə bölüşdürücü-həmrəylik, yığım, habelə bu prinsiplərin kombinasiyasına əsaslanan pensiya sistemləri mövcuddur. Bölüşdürücü-həmrəylik sistemində hazırda işləyənlərin ödədikləri sosial sığorta haqqı hesabına cari pensiya xərcləri maliyyələşdirilir. Yığım sistemində hər bir şəxsin ödədiyi sosial sığorta haqqı onun fərdi hesabında real toplanır və müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur. Bu vəsait düzgün yerləşdirildikdə əlavə gəlir əldə edilməklə özü-özünü artırır, şəxs pensiya yaşına çatdıqdan sonra həmin vəsait hesabına onun pensiyası maliyyələşdirilir. Göstərilənlərlə yanaşı, həmrəylik və yığım sistemlərinin kombinasiyasından ibarət pensiya sistemləri də mövcuddur ki, həmin sistemlər bu iki prinsipin birgə tətbiqinə əsaslanır. Beynəlxalq təcrübədə Almaniya, Fransa və Finlandiyanın pensiya sistemləri bölüşdürücü-həmrəylik prinsipinə, Çili, Argentina və Qazaxıstanın pensiya sistemləri isə real yığıma əsaslanan sistemlər üçün nümunə kimi qəbul edilir. Böyük Britaniya, İsveç, Hollandiya, Polşa, Macarıstan, Rusiyanın pensiya sistemləri qarışıq tipli, yəni hər iki prinsipə əsaslanan elementlərin olduğu sistemlər kimi səciyyələndirilir.
Səlim Müsülmov qeyd edib ki, “Bölüşdürücü-həmrəylik sistemində iştirakçıların məsuliyyətinin artırılması zəruriliyi, real yığım sistemində isə hər bir şəxs üzrə açılmış hesablara toplanan real pul vəsaitlərinin pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən qorunmasındakı problemlər həmin sistemlərə dair klassik baxışların tədricən dəyişməsinə səbəb olmuşdur. Hazırda bu sahədə tendensiyalar bölüşdürücü-həmrəylik sistemlərində şərti, yəni real olmayan yığım prinsipinin gücləndirilməsi, real yığım sistemlərində isə şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemlərinə keçid istiqamətində inkişaf etməkdədir: “Xüsusilə məcburi real yığıma əsaslanan pensiya sistemlərində maliyyə böhranı şəraitində baş verən ciddi problemlər, eləcə də bu sistemin tətbiqində nümunə hesab olunan Çili və digər Latın Amerikası ölkələrində tədricən bölüşdürücü-həmrəylik sisteminə keçid, qarışıq sistemə əsaslanan Polşa, Macarıstan və Rusiyanın pensiya sistemlərində məcburi real yığım komponentinin ixtisarı tədbirləri qeyd olunan tendensiyanı daha da gücləndirib”.
DSMF sədri deyib ki, Azərbaycanda aparılan islahatlar qarışıq, yəni həmrəylik və yığım sistemlərinin kombinasiyasından ibarət pensiya sisteminin qurulmasını hədəfləyib. Hazırda əmək pensiyaları 2 hissədən- baza və sığorta hissələrindən ibarət təyin olunur və artırılır ki, bu da bölüşdürücü-həmrəylik funksiyası daşıyan şərti yığım sisteminə əsaslanır: “Əgər ölkəmizdə həyata keçirilən pensiya islahatlarının məzmununa diqqət yetirsək, aydın görərik ki, məcburi real yığım komponentinin tətbiqində ehtiyatlı mövqe tutulub. Son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemdən tam və ya qismən imtina olunması meylləri Azərbaycan dövlətinin həyata keçirdiyi pensiya siyasətinin düzgünlüyünü bir daha təsdiqləyir. Lakin bütün bunlarla yanaşı əhalinin etibarlı pensiya təminatına nail olunması məqsədilə əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması da zəruridir. Bu baxımdan dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili üçün məcburi deyil, könüllü sosial sığortanın tətbiqi daha məqsədəuyğundur”.
Səlim Müslümov vurğulayıb ki, bütün hallarda, yığım komponentinin hansı əsasda tətbiqindən asılı olmayaraq, köklü qanunvericilik bazası və mexanizmlər hazırlanmalıdır: “Çünki burada ilk növbədə, yığım hesablarına toplanan vəsaitlərin şəxsin pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən qorunması və uzunmüddətli dövr üçün etibarlı gəlirə zəmanət verilməsi tələb olunur. Əks halda, pensiya təminatında yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyəti könüllü sosial sığorta əsasında qurulsa belə, dövlət əhali qarşısında həmin sistemlərin təşviqinə görə məsuliyyət riski ilə üzləşir. Qeyd olunanlar nəzərə alınmaqla müasir standartlara uyğun qanunvericiliyin hazırlanması məqsədilə ötən dövr ərzində Fond tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsi təqdim olunmuş və Avropa Komissiyası tərəfindən təsdiqlənmişdir. Hazırda həmin layihənin icrası prosesi davam etdirilir. Qeyd edilən layihənin reallaşdırılması ilə fərdi yığım hesabları vəsaitlərinin formalaşdırılması və idarə olunması, bu vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsinin mexanizmlərinə dair normativ hüquqi baza hazırlanacaq”.