Azərbaycanda səfərdə olan İnquşetiya Respublikasının baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olub.
Şahin Mustafayev görüşdə Azərbaycanın Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib. Onun sözlərinə görə, bu gün Azərbaycan qonşu Rusiyanın 83 federal subyektindən 71-i ilə uğurlu əməkdaşlıq edir. Bununla belə, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər, biznes forumlar, işgüzar görüşlər təşkil edilir. Təsadüfi deyil ki, son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Şahin Mustafayev qeyd edib ki, bu gün aparılan müzakirələr, keçirilən biznes forum Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Musa Çiliyev isə İnquşetiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və azərbaycanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.