Sahibkarlıq təşkilatlarına üzvlük icbari ola bilər
28 fevral 2014 20:04 (UTC +04:00)

Sahibkarlıq təşkilatlarına üzvlük icbari ola bilər

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Konfederasiyadan “APA-Economics”ə verilən məlumata görə, iclasda ASK prezidenti Məmməd Musayev bildirib ki, gələcəkdə də konfederasiya sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəaliyyətini bundan sonra da davam etdirəcək.

 

Konfederasiya tərəfindən sosial tərəfdaşlığın subyekti kimi Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Sazişdən irəli gələn məsələlər növbəti dövr üçün də əsas fəaliyyət kimi dəyərləndiriləcək. Bu məqsədlə də regionlarda sahibkarlarla iş yaxşılaşdırılacaq, yeni assosiasiya və ittifaqların yaradılmasına təşəbbüs göstəriləcək.

 

Qeyd olunub ki, konfederasiyanın əsas məqsədi komissiyalarla işi gücləndirməkdir. Rəyasət Heyətinin hesabat iclasında bir neçə komissiyanın işi qənaətbəxş hesab olunub, digərlərinin də fəaliyyətinin canlandırılması məqsədəuyğun hesab edilib. ASK prezidenti  bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Rəyasət Heyəti üzvlərindən hər biri konfederasiya tərkibində fəaliyyət göstərəcək bir komissiyaya rəhbərlik edəcək, öz sahəsinə uyğun komissiyalarda təmsil olunmaqla növbəti dövr ərzində onlar konfederasiya ilə daha çox əlaqəli işləyəcək.

 

Daha sonra ASK-nın baş katibi Natəvan Məmmədova konfederasiyanın 2013-cü il ərzində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə, ASK baş katibinin müavini Mehman Mehmanov 2012-2013-cü illər üçün Nazirlər Kabineti, AHİK və ASK arasında bağlanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsi və müddətin 2014-cü ilin sonunadək uzadılması barədə, ASK-nın Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri E.Ələkbərov beynəlxalq təşkilatlarla qurulmuş işgüzar əməkdaşlığın  genişləndirilməsi və qarşıda duran vəzifələr, ASK-nın Əmək münasibətləri, hüquq, kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri T.Osmanov konfederasiyanın nəzdində fəaliyyət göstərən komissiyaların işinin təkmilləşdirilməsi haqqında, ASK-nın Maliyyə, mühasibat uçotu,  təsərrüfat və vergi ödəyicilərinə  xidmət mərkəzləri ilə iş şöbəsinin müdiri - baş mühasib B.Kərimov konfederasiyanın 2014-cü il üzrə maliyyə planı və büdcəsinin təsdiq edilməsi barədə, ASK-nın baş məsləhətçisi F.Səmədov konfederasiyaya  üzvlüyə qəbulla bağlı görülmüş işlərin vəziyyəti və yeni üzvlərin cəlb olunması ilə əlaqədar  görülmüş  işlər barədə ətraflı məlumat veriblər.

 

Xarici ölkələrin təcrübəsindən misal gətirən sahibkarlar konfederasiyaya üzvlük məsələsində də dəyişiklik edilməsini məqsədəmüvafiq hesab ediblər. Xarici ölkələrdə sahibkarlıq təşkilatlarına üzvlüyün məcburi olduğunu bildirən iş adamları Azərbaycana da bu prinsipin qanunla  şamil olunmasını  vurğulayıblar. Təhsillə biznes arasında körpü olmadığından, kadr problemi yaşandığını qeyd edən Rəyasət Heyətinin üzvləri gələcəkdə konfederasiyanın tərkibində fəaliyyət göstərən təhsil komissiyasının bu problemin həllinə töhfə verə biləcəyini də istisna etməyiblər.

 

Artıq dövlət qurumları ilə əlaqələrinin tələb olunan səviyyədə olduğunu deyən M.Musayev beynəlxalq təşkilatlarla da yeni əməkdaşlıq imkanları yarandığını istisna etməyib. Bildirib ki, konfederasiyanın bu sahədə müəyyən təcrübəsi var.

 

Görüşdə qeyd olunub ki, bu il üçün nəzərdə tutulan yeni layihələr daha çox Konfederasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsini, regionlarda iş, assosiasiya və birliklərin yaradılmasını, komissiyalarla işin canlandırılmasını nəzərdə tutur.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625
avatar

Oxşar yazılar