Artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, güzəştli kredit əldə etmək istəyənlər müvəkkil kredit təşkilatlarına elektron müraciət edə biləcək, müraciətlərə qanunvericiliyə uyğun baxıldıqdan sonra müvafiq sənədlər elektron formada Sahibkarlığa Kömək Milli Fonduna təqdim ediləcək, həmçinin fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılacaq və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndəriləcək.
Beləliklə, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı Fondun rəsmi internet saytına – “anfes.gov.az” daxil olmaqla əldə edə bilərlər. “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” vaxt itkisinin qarşısını almağa, izafi xərclərin aradan qaldırılmasına, bu sahədə sənəd dövriyyəsi prosesinin daha sürətli, təhlükəsiz və elektron formada həyata keçirilməsinə imkan verməklə yanaşı, sahibkara investisiya layihəsinin maliyyələşdirilməsi prosesinin bütün mərhələlərini izləməyə imkan yaradır. Bununla yanaşı, güzəştli kreditlərin uçotunun, təyinatı üzrə istifadə olunmasına dair monitorinqlərin aparılması ilə əlaqədar bütün sənədləşmələr də tam elektronlaşdırılıb.
Bu gün sahibkarların və müvəkkil kredit təşkilatlarının iştirakı ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yaradılmış “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi”nin və Fondun yeni dizaynda tərtib edilmiş internet səhifəsinin təqdimatında məlumat verilib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərindən olan sahibkarların investisiya layihələrinin güzəştli kreditləşdirilməsi barədə məlumat verib. Onun sözlərinə görə, 2013-cü ilin ötən dövrü ərzində Fond tərəfindən 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər 10200 yeni iş yerinin yaradılmasına imkan verəcək.