Aprelin 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İraq Respublikasının paytaxtı Bağdad şəhərində səfərdə olub. Lent.az-ın SOCAR-ın saytına istinadən məlumatına görə, səfər çərçivəsində Rövnəq Abdullayevlə İraqın neft naziri Adil əbd əl-Məhdi arasında görüş keçirilib. İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında danışılıb. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması qeyd olunub.
SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini söyləyib.
İraqın neft naziri Adil əbd əl-Məhdi öz ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat verib.
Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub. SOCAR prezidenti Rövnəq Abdullayev İraqın neft naziri Adil əbd əl-Məhdini onun üçün uyğun bir vaxtda Azərbaycana səfərə dəvət edib.