İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının nəqliyyat və yükdaşıma nazirinin müavini, İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi ilə görüşüb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb.
2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və Həştərxanda keçirilmiş görüşləri, aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafına təkan vermişdir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına əlverişli zəmin yaratmışdır.
Görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara layihəsinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Ş. Mustafayev layihənin hər iki tərəf üçün xüsusi əhəmiyyətini qeyd edərək, layihənin tezliklə başa çatdırılması üçün lazımi dəstək göstəriləcəyini vurğulayıb.
İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasında digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də əlaqələrin uğuru inkişafını qeyd edib, Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin İranda həyata keçirilən prioritet nəqliyyat layihələrindən olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən konfrans çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edən Ağayi layihənin İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemini birləşdirəcəyini vurğulayıb.