“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər sentyabrın 3-də davam etdirilib.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ARDNŞ-nin və ABŞ-ın “Halliburton” şirkətinin “BOOTS & COOTS” servis xidmətinin mütəxəssisləri bir yerdə özülə qalxıb, quyu ağzını təftiş ediblər.
Xüsusi cihazlar vasitəsi ilə ölçü işləri aparılıb və quyudan çıxan qazın təqribən 2,5-3 milyon m3/gün həcmində olması müəyyən edilib. ARDNŞ-in və “BOOTS & COOTS” şirkətinin mütəxəssisləri tərəfindən qaz təzahürünün aradan qaldırılması və quyunun bağlanması istiqamətində məsləhətləşmələr aparılıb və birgə iş planı hazırlanaraq görülən işlərin ardıcıllığı təyin edilib. Bu məqsədlə ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasına məxsus “Qurban Abbasov” kran gəmisində zəruri avadanlıqların quraşdırılması işləri görülür. Gəmi işə hazırlandıqdan sonra tərtib edilmiş plan əsasında fontanın bağlanması və qəzanın tam şəkildə aradan qaldırılması işləri yerinə yetiriləcək.