Qeyri-dəqiq reklamdan istifadə edən sahibkarlarla bağlı yoxlamalar davam edir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xəlilov Oruc Məmməd oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Mağazanın giriş hissəsində “40% endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (endirimli qiymətin) qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və fiziki şəxs Oruc Xəlilov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.