Prezident alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb.
APA-nın məlumatına görə, Fərmana əsasən, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, qurumun Əsasnaməsi, strukturu, ştat vahidi (100 ştat) müəyyən edilib. Bundan başqa Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yenidən təşkil olunaraq “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyinə verilib. “Azalternativenerji”
Nazirlər Kabinetinə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı məsələləri bir ay müddətində həll etmək, qurumu bina və zəruri avadanlıqla təmin etmək, MMC-nin əmlakı nəzərə alınmaqla, onun nizamnamə kapitalının formalaşdırılması və ilkin mərhələdə saxlanılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etmək, üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri hazırlamaq və prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidenti məlumatlandırmaq tapşırılıb. Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi “Azalternativenerji” MMC-nin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görməlidir.