Prezident “Petronas” şirkətinin rəhbərini qəbul edib
03 sentyabr 2015 16:24 (UTC +04:00)

Prezident “Petronas” şirkətinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 3-də “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, “Petronas” şirkətinin ölkəmizin enerji sektorunda iştirakından məmnunluğunu bildirən dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında sıx əməkdaşlığın Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib. Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin fəal mərhələdə olduğunu vurğulayan prezident əlaqələrimizin müxtəlif sahələrində, xüsusilə neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın və yaxşı perspektivli təşəbbüslərin mövcud olduğunu diqqətə çatdırıb. “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan İlham Əliyev əməkdaşlığımızın yeni formatının müəyyən edilməsi ilə bağlı aparılan müzakirələrin önəmini qeyd edərək bu müzakirələrin yeni imkanlar açacağını deyib və bunun üçün səyləri artırmağın zəruriliyini bildirib.

 

Prezident Dövlət Neft Şirkəti ilə “Petronas” şirkətinin birgə fəaliyyətinin biznes sahəsində əməkdaşlıq üçün daha yaxşı imkanlar açacağını vurğulayıb. Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu münasibətlərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığnı bildirib. İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığın zəruri olduğunu qeyd edib.

 

Rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə bundan sonra da əməkdaşlığa sadiq olduğunu bildirən Van Zulkifli Van Ariffin ölkəmizdəki investisiya mühitinin çox yaxşı olmasından məmnunluğunu ifadə edib. SOCAR ilə əməkdaşlığın bütün sahələrdə “Petronas” şirkəti üçün böyük önəm daşıdığını vurğulayan qonaq “Petronas” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirmək niyyətində olduğunu bildirib. “Şahdəniz” yatağının işlənməsində əməkdaşlığa toxunan Van Zulkifli Van Ariffin “Petronas” şirkətinin bu layihənin həyata keçirilməsi işində bundan sonra da fəal iştirak edəcəyini deyib.

# 184
avatar

Oxşar yazılar