Prezident İlham Əliyev "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısı “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizmin və normativ hüquqi aktın hazırlanması məqsədi ilə qərara alıb:
1. “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində müəyyən etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görsünlər.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.