Bu gün prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.
Lent.az-ın məlumatına görə, dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını bildirən dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.
Prezident İlham Əliyev bildirib ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq, xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini bildirib.