Prezident İlham Əliyev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, B. Rzayev bu günədək "Bakıelektrikşəbəkə"nin sədri idi.
Prezidentin sərəncamına əsasən, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Nazirlər Kabineti iki ay müddətində:
Respublika ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün;
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;
Naxçıvan Muxtar Respublikası ərazisində isə elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirilməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyinə həvalə olunub.