“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təchizatı sisteminin yenidən qurulması, istehlakçıların təbii qazla təchizatı istiqamətində mühüm işlər görülür. Dövlət Neft Şirkətindən Lent.az-a verilən məlumata görə, abonentlərin sayı durmadan artır. İstehlakçılar üçün quraşdırılmış müasir tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi, ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilir.
Şirkətdən o da bildirilib ki, Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17972 ədəd (Nəsimi rayonu - 3480, Yasamal rayonu - 2526, Xəzər rayonu - 1207, Sabunçu rayonu - 42, Səbail rayonu - 539, Binəqədi rayonu - 1475, Xətai rayonu - 3055, Nərimanov rayonu - 2677, Suraxanı rayonu - 241, Nizami rayonu - 1244, Qaradağ rayonu - 273, Abşeron rayonu - 1213) “Actaris” Gulf tipli qaz sayğaclarının ödəniş xidmətləri yalnız Bakı şəhərində yerləşən “Kapital” bankın filiallarında olan terminallarda “TaleXus” proqramı vasitəsi ilə həyata keçirilir.
Həmin proqram təminatında tez-tez nasazlıqların yaranması Gulf tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlərə bir sıra çətinliklər yaradır. Bunun qarşısını almaq, eyni zamanda abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri daha yüksək keyfiyyətlə həyata keçirmələri məqsədi ilə Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə Gulf tipli sayğaclar deyil, “İtron” tipli smart qaz sayğacları quraşdırılır.
Gulf tipli sayğaclara malik olan 17972 abonent də yaddan çıxarılmır. Belə ki, onların ödənişləri daha rahat aparmaları üçün “Actaris” Gulf tipli sayğacların proqram təminatının dəyişdirilməsi və “İtron” smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir. Birliyin mütəxəssisləri yerindəcə xüsusi servis kartları vasitəsi ilə yeni proqramı sayğaclara yükləyir, həmin proqrama uyğun kartları abonentlərə təqdim edirlər.