Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqini ləngitməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək üçün hazırlıq işlərinə başlayıb.
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
«Hazırda hamını ən çox maraqlandıran məsələ Mobil Nömrələrin Daşınması Sisteminin tətbiq olunmasıdır. Çox təəssüf ki, bu sistemin tətbiqi artıq bir ildir yubanır. Mobil operatorların verdiyi sözə görə, oktyabrın 1-dən Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqi həyata keçirilməli idi. Lakin bu, yenə də baş tutmayıb», - deyə Ə.Abbasov vurğulayıb.
Onun sözlərinə görə, Nazirlik artıq bu məsələ ilə bağlı məhkəmə işlərinə start verib və bu istiqamətdə hazırlıq işləri gedir: «Bu sistemin tətbiqinə hətta oktyabrın 1-dən və ya bundan sonra başlanılsa belə, bunun üçün mərkəzləşdirilmiş sistem hazırdır. Lakin buna çəkilən investisiya və digər xərclər var ki, onların ziyanlarının mobil operatorlar tərəfindən ödənilməsi sualını ortaya qoymuşuq. Amma yenə də bildiririk ki, bu ilin sonuna kimi bu sistemi həyata keçirməliyik. Əgər gələn ilin yanvarın 1-dən bu sistemi həyata keçirə bilməsək, bu məsələ yəqin ki, builki hadisələr arasında ən mübahisəli sual olacaq».
Nazir əlavə edib ki, bu problem təkcə Azərbaycan deyil, eyni zamanda bəzi MDB ölkələrinə xasdır: «Rusiyada bu məsələ ilə bağlı hətta qanun qəbul edilib, onlar da bu sistemi tətbiq etmək istəyir. Moldova və Gürcüstan kimi ölkələrdə isə Mobil Nömrələrin Daşınması Sistemi artıq tətbiqi olunub».