“Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri zamanı informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi daha geniş şəkildə həyata keçirilib. Beynəlxalq müşahidəçilər bildiriblər ki, bu seçkidə dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yüksək keyfiyyətli və səviyyəli İKT xidməti göstərilib”.
“APA-Economics”in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
Nazir əlavə edib ki, seçkilərdə 1000 məntəqədə kameralar qurulub və birbaşa müşahidələr aparılıb. Müşahidələri internet, smartfon və digər cihazlardan izləmək mümkün olub: “Eyni zamanda bu müşahidəni həm Azərbaycan, həm də dünyanın istənilən nöqtəsindən aparmaq mümkün olub. Bu, seçkilərdə olan aktivliyi izləməklə yanaşı, bülletenlərin sayılması prosesini izləmək istəyən müşahidəçilərə də asan şərait yaradıb. İkinci tərədən, bu kameraların prosesi izləməsinə böyük maraq var idi. Belə ki, internetdən təxminən 340 min izləmə olub. Bu izləmə 24 saat davam edib, seçkidən sonra da kameralar açıq qalıb”.
Ə. Abbasov qeyd edib ki, seçki zamanı izləmə sisteminə, informasiya kommunikasiya resurslarını saxlayan sistemlərə bir çox kiber-hücumlar olub. Nazirin sözlərinə görə, əsasən xarici ölkələrdən yüz minlərlə kiber-hücum gəlib, amma sistemin qorunması yüksək səviyyədə təmin olunduğundan sistem demək olar ki, heç bir ziyan görməyib.
“Bundan başqa, İKT-nin tətbiqi istiqamətlərindən biri olan internet, sosial şəbəkələr və digər resursların istifadəsi də ölkədə geniş şəkildə həyata keçirilib. Azərbaycanda seçki prosesinə böyük maraq var idi, bu səbəbdən seçkidən öncə də, seçki günü də, sonra da şəbəkədə böyük yükləmə yaranmışdı. Bir çox ekspertin fikrincə, Azərbaycanda seçki prosesində internetin istifadəsi dünyada ən qabaqcıl ölkələrin nümunəsi səviyyəsində olub”, - deyə nazir Ə. Abbasov qeyd edib.