Bu gün Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində tədbir keçirilib. Bu barədə Lent. az-a nazirlikdən məlumat verilib. Nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsində çalışanları Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Nazir Heydər Əliyevin dövründə kənd təsərrüfatının iqtisadiyyatın ən aparıcı sahələrindən biri olduğunu, həmin dövrdə kənd əməkçilərinin zəhmətinin ittifaq miqyasında dəyərləndirildiyini, bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının kənd təsərrüfatı sahəsinə böyük önəm verdiyini və ölkə əhalisinin yarıdan çoxunun bu sahədə çalışdığını deyib. Aqrar sahədə əldə olunmuş nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan ətraflı danışıb. Nazir bütün imkanlardan istifadə edərək prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlərin əldə olunması üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Çıxış edən alim və fermerlər də aqrar sahədə aparılan islahatlardan, görülən işlərdən danışmış, dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, bundan sonra da qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.