Kənd təsərrüfatı naziri Heydər Əsədov Berlində Alman-Azərbaycan Forumunun sədri Eberhard Şleyer ilə görüşüb. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər arasında əlaqələrin genişləndirilərək kənd təsərrüfatı sahəsində də əməkdaşlığı əhatə etməsi imkanları müzakirə edilib. Nazir H. Əsədov Azərbaycanda aqrar sahədə peşə hazırlığının gücləndirilməsinə ehtiyacın olduğunu və bu sahədə Almaniya təcrübəsinin Azərbaycanda tətbiqinin faydalı ola biləcəyini vurğulayıb. Forumun sədri bu sahədə ölkəmizə dəstək verməyə hazır olduğunu və tezliklə bu məsələyə dair layihə hazırlanacağını bildirib.
Daha sonra nazir beynəlxalq Yaşıl Həftə sərgisinin və Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun açılış tədbirində iştirak edib.
Açılış tədbirindən sonra nazir Heydər Əsədov Almaniya Federativ Respublikasının ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix ilə görüşərək iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrini daha yaxından müzakirə etmək məqsədilə almaniyalı həmkarını Azərbaycana dəvət edib.