Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti orqanlarının siyahısı”nı təsdiq edib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı təsdiqlənib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Azərbaycan prezidentinin fərmana əsasən təsdiqlənən bu fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti orqanlarının siyahısını müəyyən edib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına əsasən özəl tibb fəaliyyəti, əczaçılıq fəaliyyəti və prekursorların istehsalı, idxalı, ixracı və tranzit nəql edilməsinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, rabitə xidmətlərinə (telefon (məftilli), sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə), radiotrank və simsiz telefon, İP-telefoniya (internet telefoniya), məlumatların ötürülməsi (data), sürətli poçt xidməti) : Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, təhsil fəaliyyətinə (məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), ilk peşə - ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri), orta ixtisas təhsili müəssisələri): Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, ali təhsil müəssisələri və əlavə təhsil müəssisələrinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, dini orta ixtisas təhsil müəssisələrinə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi, ali dini təhsil müəssisələrinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, teleradio yayımına (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası, yabanı dərman bitkiləri xammalının yığılmasına Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, liftlərin quraşdırılması və təmiri fəaliyyəti, attraksionların istismarı, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi, yanğından mühafizə fəaliyyəti, yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, özəl baytarlıq təbabəti fəaliyyəti və baytarlıq preparatlarının istehsalı və satışına Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti lisenziya verəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Lisenziyalaşdırma Qaydası”na əsasən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir. Ancan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə Naxçıvanda müxtəlif dövlət qurumlarına lisenziya vermək səlahiyyəti verilib.