Yanvarın 21-də Müdafiə Sənayesi Nazirliyində nazir 2012-ci ilin yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.
Müdafiə Sənayesi Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kollegiya iclasına sədrlik edən müdafiə sənayesi naziri Yavər Camalov 2012-ci ilin respublika üzrə uğurlu il olduğunu söyləyib.
Yavər Camalov 2012-ci ildə nazirliyin müəssisələrində yeni istehsal sahələrinin - atıcı silahların yaradılması və təkmilləşdirilməsi üçün Təcrübə sınaq zavodunun, fərdi əleyhqazların və xüsusi mühafizə vasitələrinin istehsalı və müxtəlif çaplı döyüş sursatlarının utilizasiyası sahələrinin yaradıldığını və istismara verildiyini bildirib. Ötən il 2011-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 12 faiz artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb. 2012-ci ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2011-ci illə müqayisədə 10,3 faiz artıb.
İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlardan yaylım atəşli reaktiv sistemini, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kollimator nişangahını, top kollimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini göstərmək olar. İlk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi ötən ilin noyabr ayında qatıldığı “IndoDefence-2012” sərgisində 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını göstərmək olar. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan pilotsuz uçuş aparatları, gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə, AKM və AK-74 tipli avtomatlar üçün şəffaf patron daraqları, fərdi əleyhqazlar ilk dəfə idi ki, beynəlxalq sərgidə nümayiş etdirilib. 2012-ci ildə mülki məmulatların istehsal həcmində də artım müşahidə olunub, ümumi çeşidlərin sayı 400-ü ötüb.
Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin çap lövhələrinin, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemlərinin istehsalı mənimsənilib. Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Texniki Universitetində yaradılmış “Xüsusi texnika və texnologiya” fakültəsi bakalavr və magistr pillələri üzrə Müdafiə Sənayesi Nazirliyinin verdiyi sifarişlər əsasında 2012-2013 tədris ilindən kadr hazırlığına başlanılıb. Ötən il Texniki Universitetin adıçəkilən fakültəsinə 5 müdafiə təyinatlı ixtisas üzrə 75 abituriyent qəbul olunub. Fakültədə təhsil alan tələbələrin müdafiə sənayesinə marağını artırmaq və yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün müəssisələrdə əyani vasitələrlə təchiz olunmuş xüsusi tədris otaqları yaradılıb. Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələri tərəfindən elmi-tədqiqat və təcrübi konstruktor işləri uğurla davam etdirilib.
İclasda nazir müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev 2012-ci il üzrə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, beynəlxalq əməkdaşlıq, sosial və digər sahələrdə fəaliyyətlərinin yekunları barədə məlumat verdikdən sonra birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib. Kollegiya iclasında respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş nazirliyin əməkdaşlarına fəxri adlar, medallar təqdim olunub. Sonda Yavər Camalov Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı prezidenti İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Yavər Camalov Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2013-cü ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.