Bu gün Azərbaycan maliyyə imkanlarının artması fonunda həm özünün xarici borcunun strukturuna diqqəti gücləndirərək ümumdünya borc bazarında ən qənaətbəxş nəticəni qoruyub saxlayır, eyni zamanda, Avropa-Asiya şəbəkəsində 10-dan artıq ölkəni kreditləşdirir. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının təmin edilməsi məqsədilə davamlı addımlar atılıb. Bu sahədə görülən işlər iqtisadi və sosial sahədə inkişaf meyillərinin sürətlənməsinə, islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və onların sosial rifahının yeksəlməsinə, azad rəqabət mühitinin möhkəmlənməsinə, iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub.
Hal-hazırda Azərbaycan regionda lider ölkə kimi iqtisadiyyatın böyük maliyyə axınları şəraitində idarəolunmasının ən mükəmməl texnologiyalarının tətbiqinə hazırlaşır, yeni sosial və iqtisadi ssenarilərin interaktiv mənzərəsini hazırlayır. Respublikamızın 2014-2020-ci illərə dair inkişaf xəritəsi çox zəngin olmaqla makroekeonomik proqnozların inandırıcılığına və optimistliyə söykənir.
Dünya Bankının bölmə direktoru Penelope Bruk Azərbaycanın iqtisadi inkişafı ilə bağlı bu fikirləri söyləmişdir: “Azərbaycanın son illərdə həyata keçirdiyi islahatların əhəmiyyəti böyükdür. Ölkədə, ümumilikdə Şərqi Avropa və Mərkəzi Asiya regionları ilə müqayisədə islahatlar daha sürətlə və əhatəli aparılıb. Azərbaycan tənzimləyici islahatların əhatə dairəsi, miqyası və struktur dəyişiklikləri baxımından ən aparıcı ölkə olub. Bir sıra dövlətlər növbəti illərdə biznesin tənzimlənməsi və investisiya mühiti ilə bağlı islahatları davam etdirərkən Azərbaycanın təcrübəsini nəzərə almalıdır”.
Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və əksinə daşınması üçün təbbi keçid imkanını təmin edir. Bu mənada Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır. Bununla belə, ölkəmiz Avropa və Atlantik birliyin dəyərlərini bölüşür, çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir.
Nailə Məmmədova
“Azerbaijan Realities”