Mübariz Mənsimov həyata keçirəcəyi nəhəng layihələri açıqladı
11 yanvar 2013 12:16 (UTC +04:00)

Mübariz Mənsimov həyata keçirəcəyi nəhəng layihələri açıqladı

“Forbes” jurnalının yanvar sayında tanınmış azərbaycanlı biznesmenlə bağlı məqalə işıq üzü görüb

 

Nüfuzlu “Forbes” jurnalının yanvar sayında tanınmış azərbaycanlı biznesmen Mübariz Mənsimov haqqında məqalə dərc edilib. Nilgün Balcı Çavdarın müəllifi olduğu məqalədə qeyd edilir ki, Mübariz Mənsimov Türk iş dünyasının bəlkə də ən ciddi adamıdır, onun 600 ədəddən artıq qədim silah və qılınclardan ibarət kolleksiyasının bir hissəsinin nümayiş olunduğu qonaq otağında bir az vaxt keçirsəniz Azərbaycanlı iş adamına hörmətlə yanaşmaq üçün kifayət qədər səbəbləriniz olacaq. Müəllif yazır ki, iş adamı gəmilərinin bütün dünyada yönəldiyi istiqamətləri sanki havadan izləyir, bu səbəbdən də vaxtının böyük bir hissəsini şəxsi reaktiv təyyarəsində keçirir. Həm də Mübariz Mənsimov 6 təyyarədən ibarət hava donanmasına bu il “Dassault Falcon 7X” reaktiv təyyarəsinin də əlavə olunması ilə bu işləri daha da böyüdəcəyindən xəbər verir: “Amma bu, onun üçün cəmi 50 milyon dollar dəyərində olan “kiçik” bir kapital qoyuluşudur. Çünki “gəmiləri batmış kimi” görünsə də, əslində, “Palmali” Şirkətlər Qrupu bazasında təşkil etdiyi işlər kifayət qədər yaxşı gedir. Dəniz nəqliyyatında həm yükü, həm də donanması böyüyür; İstanbuldakı “Edition”-a əlavə olaraq boğazda 100 nömrəli daha bir mehmanxana açmaq istəyir, limançılıq sahəsində Aralıq dənizində birinci olmağa çalışır, yanacaq bazarında daşları yerindən oynatmağa hazırlaşır”.

 

Müəllif nəzərə çatdırır ki, 1 milyard dollar miqdarında sərvəti ilə “Forbes” jurnalının müəyyən etdiyi 100 zəngin adam siyahısında 26-cı sırada olan iş adamı Türkiyəyə yerləşdiyi 1998-ci ildən bu yana Bodrumun “isti dənizini” hər zaman sevib. “Rixos” otellərinin sahibi olan yaxın dostu Fettah Tamince ilə birlikdə yay aylarında vaxtının çoxunu Bodrumda keçirən Mübariz Mənsimov Bodruma ən çox sərmayə qoyanlardan biridir. Bu rayonda iki mehmanxanaya sərmayə qoyub. Amma Yalıkavakdakı liman onun ən vacib işidir. Buranı 2011-ci ilin aprel ayında Cefi Kamhidən 47 milyon dollara satın alıb və adını dəyişdirərək “Palmarina” qoyub. Limanı satın aldıqdan sonra da oraya 60 milyon dollar vəsait qoyub, əvvəlki tutumu 350 yaxta olan bu limana indi 810-a qədər yaxta yan ala bilər. Mübariz Mənsimov müəlliflə söhbətində bildirib ki, bunun sadəcə, Aralıq dənizinin deyil, dünyanın ən yaxşı limanı olacaqğı ilə bağlı bəhsə girə bilər. İş adamı bu iddiasını keçən ilin iyun ayında limanda açdığı “Billionare Club” və “Cipriani” ilə də nümayiş etdirib. Pop ulduz Tarkan və top model Yeva Herziqovanın iştirakı ilə təşkil olunan bu “dəbdəbəli” açılış Mübariz Mənsimovun limanına meqayaxtaların cəlb olunması strategiyasını tamamlayır. İlk dəfə Türkiyəyə 40 metrdən böyük olan 100 ədəd yaxta gəlib. Bundan başqa, iş adamının limanın içində 200 milyon dollar dəyərində olan bir mehmanxana inşa etdirmək niyyəti də var ki, onun tikintisinin 2013-cü ildə başlanması nəzərdə tutulur. Mübariz Mənsimov İstanbulda liman təsis etmək niyyətində olduğunu da açıqlayıb. Hazırda “Setur”un istifadəsində olan Kalamış-Fenerbahçe limanının 2013-cü ildə keçirilməsi nəzərdə tutulan tenderində onun da iştirak etməsi sürpriz sayılmayacaq.

 

Mübariz Mənsimov məqalə müəllifi ilə söhbətində Türkiyədə yanacaq paylanması işinə başlamağa hazırlaşdığını da açıqlayıb : “O işə girəcəyəm. Hər halda bir il ərzində artıq kapital qoymuş olarıq. İcraçı olmasaq da, həmtəsisçi olarıq”. O, logistika sahəsində ortaq olduğu ARDNŞ və ya Rusiyanın “Lukoyl” şirkəti ilə bu yeni sahədə ortaq ola biləcəyini söyləyib. İş adlamı Rusiya və Azərbaycanda çıxan neftin təxminən üçdə birini nəql edən “Palmali” Şirkətlər Qrupunun nə üçün yanacaq işi ilə sadəcə indi maraqlanmağa başladığına da aydınlıq gətirib: “Artıq dəniz daşımasında bəlli bir səviyyəyə gəldik. Özümü artıq daha təhlükəsiz bir vəziyyətdə hiss edirəm”.

 

“Palmali”nin “Lukoyl” ilə əməkdaşlığı uzun illərdir ki, davam edir. 17 milyon ton xam neftin nəqli ilə bağlı imzaladıqları son müqavilə 2017-ci ilin ortalarına qədər davam edəcək. “Palmali”nin gəmiləri bu il 127 milyon ton xam neft və neft məhsulları daşıyıb. Bağladıqları bu yeni müqavilə ilə ixtisas sahələrinə yeni bir istiqamət də əlavə ediblər və “Lukoyl” üçün Xəzər dənizində neft axtarışları və depo platformalarının hazırlanması istiqamətində xidmət göstərəcəklər. Mübariz Mənsimov qeyd edib ki, neft axtarışı üçün istifadə olunan gəmilərin və neft platformalarının istismarından 5 il ərzində təxminən 5 milyard dollar gəlir əldə etməyi nəzərdə tuturlar. Off-shore və depolama adlandırılan bu xidmətin daha dörd yeni şirkətə göstərilməsi ilə bağlı danışıqlar davam edir. İş adamı “Palmali”nin illik dövriyyəsini bir sirr kimi saxlayır. Amma bu yeni fəaliyyət istiqaməti sayəsində dövriyyə önümüzdəki 10 il ərzində ən azı 30% artacaq. Yeni müqavilələrə paralel olaraq gələn il “rekord sayda” yeni gəmi, 20 tanker, 4 neft platforması sifariş edəcəklər və bu məqsədlə fevral ayında tender keçirəcəklər.

 

Mübariz Mənsimov “Palmali” şirkətinin dəyərininin  9-10 milyard dollardan az olmadığını da açıqlayıb. Əldə etdiyi müqavilələr istisna olmaqla sadəcə donanmanın dəyərinin 3-4 milyard dollar olduğunu bildirib. Məqalə müəllifi “Palmali”nin Azərbaycandakı fəaliyyətinə də toxunub, Azərbaycanda süd bazarının 65%-nə sahib olan “Pal Süd”ü xatırladıb.  Qida sahəsinə bu ildən başlayaraq daha 100 milyon dollar vəsait qoyacaq. Beləliklə, heyvandarlıq sahəsinə də qədəm qoymuş olacaq, biskvit və şokolad fabriki təsis edəcək. Bu kapital qoyuluşları ilə qida sahəsindəki dövriyyəsinin təxminən 60 milyon dollar olacağı gözlənilir. Mübariz Mənsimov deyib ki, məhsul çeşidlərini artıracaq, “Ülkər” modelini Azərbaycana gətirəcəklər və buradan mallarını ətraf ölkələrə ixrac edəcəklər. O, biznes sirrini də açıb: “Mən ortaq işi heç sevmirəm. Uğur qazanmağımızın səbəblərindən biri məhz budur. Qısa müddətə qərar verir və tətbiq edirəm”.   

Məqalədə xatırladılır ki, Mübariz Mənsimov Azərbaycanda sahibi olduğu “Xəzər Lənkəran” klubunun hesabına ildə 25 milyon dollar vəsait köçürür. İş adamı müəlliflə söhbətində nəzərə çatdırıb ki, “Kamhi” ailəsindən 47 milyon dollara satın aldığı Bodrum, Yalıkavakda yerləşən “Palmarina” limanının dəyəri bu gün 200 milyon dollardan çoxdur. Amma limanı satın aldığı Cefi Kamhidən narazılığını gizlətməyib: “Şirkəti satın aldıqdan sonra bir çox problemlərlə rastlaşdıq, durmadan qarşılığı olmayan çeklər, borc sənədləri ortaya çıxmağa başladı. Sizcə, belə bir adama dürüst demək olarmı?”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar