Dünən Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin iclası keçirilib və ölkədə fəaliyyət göstərən kommersiya banklarının minimum məcmu kapitalının 2013-cü ilin sonuna kimi 50 mln. manata çatdırılması barədə qərar qəbul edib. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, hazırda ölkənin bank sektorunun aktivlərinin 95%-ni əhatə edən banklar ya öz kapitallaşmasını artıq 50 mln. manata çatdırıb və yaxud buna yaxın zamanda nail olacaq. Bunu nəzərə alaraq AMB qərar qəbul edib ki, qalan banklar öz kapitallaşmasını 50 mln. manata 2014-cü ilin sonuna kimi çatdırmalı olacaq. Bu qərarın əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda bankların kapitallaşmasının artırılması məqsədinə əsasən nail olunub. E.Rüstəmovun sözlərinə görə, dövlət qalan kiçik bankları inzibati yolla bazardan çıxarmaq, bazarda bunun nəticəsində baş verə biləcək qeyri-müəyyənliyə yol vermək niyyətində deyil.
E.Rüstəmov əlavə edib ki, minimum kapitalın 50 mln. manata çatdırılması qərarı nəticəsində bank sektorunda kapitallaşma 48% artıb, 8 bank isə 100 mln. manatdan artıq kapitala malikdir. Beləliklə, kapitallaşmanın artırılması məqsədinə nail olunub. Eyni zamanda, E.Rüstəmov bəyan edib ki, AMB qalan banklarla bağlı iş planı hazırlayıb və o ümid edir ki, həmin banklar 2014-cü il ərzində ya kapitallarını artıracaq, ya da konsolidasiya yolu ilə məsələni həll edəcək.