“2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadə miqyası genişləndiriləcək”. Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov MB-nın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında bildirib.
E. Rüstəmov qeyd edib ki, 2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcək.
Mərkəzi Bankın sədri deyib ki, 2015-cü ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. "Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaq. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyatı qurumlarla birgə iş aparacaq".
MB sədri onu da vurğulayıb ki, 2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən tənzimlənib: “Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1.9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 13%-ə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31% azalıb”.
E.Rüstəmov 2015-ci il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. O bildirib ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin, xüsusilə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezidentin qeyd etdiyi sosial-iqrtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək: “Mərkəzi Bank iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək".