Məhəmməd Əşrəf Qani Azərbaycanın iş adamları ilə görüşdü
22 dekabr 2015 20:47 (UTC +04:00)

Məhəmməd Əşrəf Qani Azərbaycanın iş adamları ilə görüşdü

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycanın iş adamları ilə görüşüb.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Əfqanıstan prezidenti Azərbaycanın iş adamları ilə görüşdən məmnun olduğunu bildirərək,  Əfqanıstanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib. Onun sözlərinə görə, Əfqanıstan-Azərbaycan iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur.

 

Prezident Məhəmməd Əşrəf Qani vurğulayıb ki, Əfqanıstan şirkətlərinin Azərbaycan şirkətləri ilə birgə layihələr həyata keçirmələri üçün böyük imkanlar var.

 

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qeyd edib ki,  prezidentlərin yüksək səviyyəli münasibətləri Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin daha da inkişafına şərait yaradır,  Azərbaycanda və Əfqanıstanda fəaliyyət göstərən şirkətlərin əməkdaşlığının genişlənməsi üçün yeni üfüqlər açır.

 

Nazir müavini bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin reallaşdırılması üçün çox yaxşı imkanlar mövcuddur: “Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığın iqtisadi komponentini gücləndirməyə hazırdırlar. Azərbaycanda fəaliyyət göstərən şirkətlər Əfqanıstanda müxtəlif layihələr həyata keçirməkdə də maraqlıdırlar”.

 

Əfqanıstan prezidentinə məlumat verilib ki, görüşdə Azərbaycanda sənaye və aqrar sənaye sahələri üzrə şirkətlərin nümayəndələri iştirak edirlər və həmin şirkətlərin fəaliyyət dairəsi çox genişdir.

 

Sonra Azərbaycanın iş adamları təmsil etdikləri şirkətlər barədə təqdimatla çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar