Bu gün Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 31 oktyabr 2013-cü il tarixində Azərbaycanda Beynəlxalq Əmanət Günü (BƏG) və onun davamı olaraq, noyabr ərzində Maliyyə savadlılığı aylığı keçirilib.
Mərkəzi Bankın Kommunikasiya Mərkəzindən Lent.az-a daxil olan məlumata görə, əhalinin maliyyə maarifləndirilməsi tədbirlərinin təşkilatçıları Azərbaycan Banklar Assosiasiyası, Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və bir sıra kommersiya banklarıdır.
Beynəlxalq əmanət günü və Maliyyə savadlılığı aylığının keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığı məsələlərinə diqqətini artırmaq və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarətdir.
Əsas hədəf qruplarının məktəb şagirdlərinin olduğu maliyyə savadlılığı aylığı çərçivəsində bank işçiləri və təşkilatçılar tərəfindən Bakıda və regionlarda 38 məktəb ziyarət edilmiş, 3000 şagirdə bankçılıq, maliyyə və iqtisadiyyat mövzusunda təlimlər keçirilib.
Bununla yanaşı Beynəlxalq Əmanət Günü münasibəti ilə Mingəçevir şəhərində 22 məktəbin komandalarının iştirakı ilə “Breyn-ring” intellektual oyunu təşkil edilmiş, bank məhsulları barədə ətraflı məlumat verilmiş və maarifləndirici materiallar paylanıb.
Maliyyə savadlılığı aylığı ümumilikdə ölkə üzrə 10.000-dən çox məktəblini əhatə edib. Şagirdlərə “Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası”, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi olan köynəklər, papaqlar, çantalar, bloknot, qələmlər və müxtəlif hədiyyələr paylanıb.
Həmçinin aylığın iştirakçısı olan bankların Bakı şəhərində və regionlarda yerləşən 25-dən çox filiallarında “Açıq qapı” günləri keçirilmiş və geniş ictimaiyyət, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunub. Bu tədbirlərdə bank sektoru, kreditlər, büdcə planlaşdırılması və bu kimi digər məsələlər barədə müştərilərə məlumatlar verilib, onların sualları cavablandırılıb, müxtəlif kitabça və bukletlər hədiyyə olunub.
Xatırladaq ki, 31 oktyabr - Beynəlxalq Əmanət Günü ölkəmizdə ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə keçirilib.