Maliyyə naziri sosial müavinətlərdən danışdı
10 yanvar 2014 11:03 (UTC +04:00)

Maliyyə naziri sosial müavinətlərdən danışdı

“Ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilib”. Lent.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılıb.
Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb.
”2013-cü ildə də dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məsələləri durub ki, bu məqsədlərə dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilib. Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, su və s.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılıb”.
 

Nazirin sözlərinə görə, dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilib.

 

“Şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılıb. Hesabat ilində regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilib, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunub, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir. 2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilib ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar